"Qarabağ" doğma meydanda tarixi oyuna çıxır - AVROPA LİQASI

"Qarabağ" doğma meydanda tarixi oyuna çıxır - AVROPA LİQASI

Bu gün Avropa Liqasında qrup mərhələsinin görüşlərinə yekun vurulacaq.

mediasport.az xəbər verir ki, yarışdakı təmsilçimiz "Qarabağ" çox əhəmiyyətli oyununu keçirəcək.

Komanda ümumilikdə Azərbaycan futbolu tarixində bir ilkə imza ataraq Avroliqanın qrupundan çıxa bilər. Qurban Qurbanovun komandası bunun üçün doğma azarkeşləri qarşısında "Frayburq" səddini keçməlidi. Taleyi öz əlində olan komanda evdə qələbə qazansa, qrupun digər görüşü - "Olimpiakos" - "Nant" qarşılaşmasının nəticəsinin heç bir əhəmiyyəti qalmayacaq. Əks halda - "Qarabağ" heç-heçə edərsə və ya məğlub olarsa, o zaman azərbaycanlı azarkeşlərin diqqəti Yunanıstanda qeydə alınacaq hesaba kəsiləcək. Ən pis sonluqda isə - Ağdam təmsilçisi qrupdan çıxa bilməsə, mübarizəni Konfrans Liqasının 1/16 final mərhələsində davam etdirmək imkanı qazanacaq.

9 ildir ardıcıl avrokubokların qrup mərhələsində mübarizə aparan "köhlən atlar" ötən mövsüm Konfrans Liqasında qrupdan çıxıb, 2017/2018-ci illər mövsümündə isə daha böyük nailiyyətə imza ataraq qitənin bir nömrəli klub yarışı - Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Belə desək, "Qarabağ" bu gün tarixinin ikinci ən mühüm duelinə çıxacaq.


Avropa Liqası. Qrup mərhələsi. 6-cı tur

“Qarabağ” – “Frayburq”

3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka

Dördüncü hakim: Dmitri Dmitriev

VAR: Tiaqo Bruno Lopes Martins (Portuqaliya)

AVAR: Hugo Filipe Ferreira C.Moreira Migel (Portuqaliya)

Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)

UEFA nümayəndəsi: Boriana Stoyçeva (Bolqarıstan)

Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6. "Olimpiakos" - 2