"Milli komandanın yükü klub səviyyəsində deyil, təklif olsa, fikirləşərəm" - MÜSAHİBƏ

"Milli komandanın yükü klub səviyyəsində deyil, təklif olsa, fikirləşərəm" - MÜSAHİBƏ

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə Mediasport.az saytına müsahibə verib.


Yaşar bəy, işləriniz necə gedir, hansısa klubdan təklif varmı?

- Şükür, normaldır. Çalışırıq. AFFA-nın Məşqçilər Komitəsinin üzvüyəm. Orada işləyirəm. Klubların heç birindən təklifim yoxdur.

Bildirdiyiniz kimi, AFFA-nın Məşqçilər Komitəsinin üzvüsüz. Milli komandamıza yeni baş məşqçi seçimində komitənin rolu nədən ibarətdir?

- Bu məsələ ilə bağlı hələlik bizə konkret söz deyilməyib. Komitə üzvləri olaraq bu barədə öz aramızda danışırıq, müzakirələr edirik. Bu yöndə bizə tapşırıq verilməyib.

Milli komandamıza baş məşqçi postuna təklif göndərsələr, razılaşarsız?

- Bəzi məşqçilərin açıqlamalarını internetdən oxuyuruq. Deyirlər, hazırıq millini çalışdırmağa. Bilirsiz, yığmamızın baş məşqçisi olmaq çox məsuliyyətli, çətindir işdir. Bir çox həmkarlarım müsahibə verirlər ki, hər birimiz hazırıq. Milli komandanın yükü klub səviyyəsində deyil. Bu barədə mənə təklif olsa, fikirləşərəm.

Ümumiyyətlə, yığmamızın baş məşqçisi yerli olmalıdır, ya xarici?

- Yerli mütəxəssis olmalıdır. Bu, mənim fikirimdir.

Azərbaycan Premyer Liqasında artıq 16 tur geridə qalıb, bağlı fikirləriniz necədir?

- Oyunların hamısını izləyirəm. Bir çox sürpriz nəticələr oldu. Hansı komandaları yuxarı pillələrdə görürdüksə, son oyunlarda öz oyunlarını tapıb yüksək yerlərə qalxırlar. Turnir cədvəlinin aşağı yerlərində də mübarizə var, rəqabət gedir. "Qarabağ" çempionata yaxşı başlamadı. Onların ümumi liqada 1-2 məğlubiyyətləri olurdu. Bu mövsüm isə artıq 3 dəfə uduzublar. Amma komanda öz oyunu  və ardıcıl qələbələri ilə çempionatın favoriti olduğunu göstərdi. Qış fasiləsindən sonra Premyer Liqa daha maraqlı olacaq.