"Qəbələ"nin baş məşqçisi: "Bu cür meydanda oynamaq çox çətindir"
"Qəbələ" Azərbaycan 1-ci Liqasının 4-cü turunda "Baku Sportinq"i məğlub edib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Çxadadze 2:0 hesablı qalibiyyətdən sonra matç haqqında fikirlərini bölüşüb.
Gürcü mütəxəssis stadionun ot örtüyünün bərbad olduğunu deyib:
"Əlbəttə, bu cür meydanda oynamaq olduqca çətindir. Komanda öz oyununu göstərə bilmir. Futbolçuların zədələnmə ehtimalı çox olur.
Rəqib komanda evdə oynayırdı. Müəyyən mənada bu onlar üçün üstünlük idi. Ümumiyyətlə, "Qəbələ"yə qarşı bütün klublar xüsusi motivasiya ilə oynayırlar. Hər oyun maksimum gücümüzlə hazırlaşmağa çalışırıq.
Çıxdığımız bütün matçlarda əlimizdən gələni edib əsas məqsədimiz olan qələbəni əldə etməyə can atır, bunun üçün mübarizə aparırıq. Bu dəfə də istəyimizə çatdıq. Komandam yaxşı oyun göstərdi, futbolçularımdan razıyam".
Xatırladaq ki, 4 turdan sonra 10 xalı olan "Qəbələ" lider "Karvan"dan 2 xal geri qalır.