"Qızıl top"un sahibləri məlumdur: Kərim Benzema və Aleksiya Putelyas

"Qızıl top"un sahibləri məlumdur: Kərim Benzema və Aleksiya Putelyas

2022-ci il üçün qadın və kişi nominasiyalarında "Qızıl top" mükafatının qaliblərinin adları müəyyənləşib.

mediasport.az xəbər verir ki, Parisdə keçirilən mərasimdə gözlənildiyi kimi, "Real" və Fransa millisinin forvardı Kərim Benzema bütün rəqiblərini qabaqlayaraq karyerasında ilk dəfə mükafata sahib çıxıb.

13 ildir Madrid klubunda çıxış edən Benzema ötən mövsüm İspaniya La Liqası və Çempionlar Liqasının qalibi olub. 

Qadınlar arasında "Qızıl top"u isə "Barselona" və İspaniya millisinin yarımmüdafiəçisi Aleksiya Putelyas qazanıb. 28 yaşlı futbolçu karyerasında 2-ci dəfə seçilib.

İlin ən yaxşı komandası Premyer Liqanın son qalibi "Mançester Siti" seçilib. İlin ən yaxşı hücumçusu adını qazanan Robert Levandovskiyə "Herd Müller", ən yaxşı qapıçı - "Real"dan Tibo Kurtuaya "Lev Yaşin" mükafatı verilib. Ən gənc futbolçu "Barselona"dan Qavi olub, yeni təsis edilmiş "Sokrates kuboku" isə Sadio Maneyə təqdim edilib.

“Qızıl top”a qapıçılar - Tibo Kurtua ("Real"), Mayk Menyan ("Milan"), müdafiəçilər - Trent Aleksandr-Arnold ("Liverpul"), Joao Kanselo ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi"/"Real"), Vircil van Deyk ("Liverpul"), yarımmüdafiəçilər - Coşua Kimmix ("Bavariya"), Kristofer Nkunku ("Leypsiq"), Bernardo Silva, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Siti"), Kazemiro ("Real"), Kevin de Brüyne ("Mançester Siti"), Fabinyo ("Liverpul"), Luka Modriç ("Real"), hücumçular - Rafael Leau ("Milan"), Məhəmməd Salah, Luis Diaz, ("Liverpul"), Vinisius Junior, Kərim Benzema ("Real"), Robert Levandovski ("Bavariya"/"Barselona"), Kriştiano Ronaldo ("Mançester Yunayted"), Erlinq Haaland (Dortmund "Borussiya"sı/ "Mançester Siti"), Sebastien Aller ("Borussiya", Dortmund), Harri Keyn, Son Hın-Min ("Tottenhem"), Sadio Mane ("Liverpul"/"Bavariya"), Kilian Mbappe ( PSJ), Darvin Nunyes ("Benfika"/"Liverpul") və Duşan Vlahoviç ("Fiorentina"/"Yuventus") namizəd idilər.

Mükafatın son sahibi PSJ və Argentina millisinin ulduzu Lionel Messi bu il namizədlər siyahısında yer almayıb.