Qurban Qurbanov: "Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Olimpiakos"la oyunu haqda fikirləini bölüşüb.
MediaSport.az xəbər verir ki, təcrübəli mütəxəssis Yunanıstanda əldə etdikləri 3:0 hesablı qələbəyə baxmayaraq, hələ heç nəyin bitmədiyini deyib:
- Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik. Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq.
Matçdan əvvəl "5-li" müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm. Meydana çıxanda isə "5-li" müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Oyunun əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan nəzarəti ələ ala bildik. “Olimpiakos” haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər.
Baş məşqçi 3-cü qoldan sonra futbolçuların “Olimpiakos”un tribunalarına tərəf yaxınlaşmasına və əl hərəkətləri etməsinə də toxunub: “Biz elə ölkədə yaşayırıq ki, iğtişaş haqqında, ümumiyyətlə, düşüncəmiz yoxdur. Bəzən futbolçu necə sevindiyini hiss etmir. Çempionat oyununda da belə qol sevinci olur. “Qarabağ” klubu olaraq, xüsusən də, xaricdə özümüzü düzgün idarə etməyə çalışırıq. Bura idman prinsiplərinə əməl etməyə gəlmişik. Həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən bu azarkeşlər haqqında xoş sözlər deyirəm. Bu fikirlərimi futbolçular da eşidirlər. Həmişə öz aramızda danışanda deyirik ki, həmişə rəqibə, onun azarkeşlərinə hörmətlə yanaşmaq vacibdir”.