Ramin Musayev: “Hər ikisinin adına qurban demişəm, kəsdirəcəm”
“Allahdan hər birinə şəfa diləyirəm. İndiki məqamda gücümüz ancaq dua etməyə çatır”.
Mediasport.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.
Qurumun keçmiş rəhbəri hadisə günü ona edilən zəngdən dərin sarsıntı keçirib: “Hadisədə xəsarət alanların hər biri mənə qardaş, övlad qədər doğma olan insanlardır. Səhər saatları idi, evdəydim, zəng gəldi. Belə bir hadisənin baş verdiyini eşitdim.
Həmin an hansı hislər keçirdiyimi sözlə ifadə edə bilmərəm. Əlim-ayağım qurudu, yerimdən tərpənə bilmədim. Nə vəziyyətə düşdüyümü desəm, düşünərlər ki, Ramin Musayev üstünə qoyub danışır. Allah şahiddir, hələ də özümə gələ bilmirəm”.
Ramin Musayev bu günə qədər xəstəxanaya baş çəkməməsini belə əsaslandırıb: “Elxan Səmədovla Aslan Şahgəldiyev hələ də reanimasiyadadırlar. Gözləyirəm palataya köçürülsünlər, gedim onları görüm. İndiki vəziyyətdə gedib küçədə dayanmağın mənası yoxdur. Özlərini görmək istəyirəm. Hər gün Allaha dua edirəm ki, Elxan müəllimlə Aslan tez ayağa qalxıb, ailələrinin yanına qayıtsınlar. Hər ikisinin adına qurban demişəm, kəsdirəcəm. Onları özümə nə qədər doğma bildiyimə Allahım şahiddir. Elxan müəllim çox qanacaqlı, işini bilən, adam kimi adamdır. Aslanı isə siz məndən də yaxşı tanıyırsınız. Tanrı köməkləri olsun”.
Qeyd edək ki, dekabrın 16-da səhər saatlarında Xankəndiyə yollanan PFL əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdan rayonu ərazisindən keçən hissəsində avtomobil qəzasına uğrayıb.
Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun yol ayrıcındakı nişan dirəyinə çırpılması nəticəsində minik vasitəsində yer alan qurumun prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacıməhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əməliyyat olunan Elxan Səmədovla Aslan Şahgəldiyev sonra reanimasiyaya yerləşdiriliblər, vəziyyətləri sabitdir. Digər yaralılar isə müalicələrini stasionar davam etdirirlər.