Qurban Qurbanov: "Qalib gəlmək üçün hər varianta əl atırlar"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunun "Səbail"lə səfər oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb...
- Məğlub olmağımıza baxmayaraq, yaxşı oyun oldu. Dinamik, mübarizə matç izlədik. "Səbail"i təbrik edirəm. Deyəcək çox söz yoxdur. Yüz faizli epizodlarımız var idiz istifadə edə bilmədik. Rəqib imkanlardan maksimum istifadə elədi. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan razı qaldım.
Fasilədən necə yararlanacaqsız?
- Əfsuslar olsun ki, komanda olaraq bir yerdə istirahət edə bilməyəcəyik. Milli komandalara gedən oyunçular var. Digər futbolçularla üç günlük istirahətdən sonra məşqlərə başlayacağıq.
Kvabena Ovusunun "Qarabağ"a qayıdacağı iddia edilir. Bu, nə dərəcədə doğrudur?
- Mən də sizin kimi mətbuatdan oxumuşam. Belə bir danışıq olmayıb.
Bu gün qapıda Şahruddin Məhəmmədəliyevə şans verməyiniz milli komandaya daha hazır getməsini istəməyinizdən irəli gəlirdi?
- Limit amili də var idi. Belə düşündük.
Avropa Liqasının qrup oyunlarının təqvimini necə dəyərləndirirsiz?
- Normal. Oyunlara hazırlaşacagıq.
Avrokuboklara görə aparıcı oyunçular çempionat matçlarında start heyətində meydana çıxmır. Bu, Premyer Liqa oyunlarına necə təsir edir?
- Bəli, hardasa bu, problemdir. Amma biz futbolçularımızı da qorumalıyıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi ümumiyyətlə meydana buraxmadım. Onların ayın 8-də oyunu var. Çempionata istədiyimiz kimi hazırlaşa bilməmişik. Amma bu, ilk dəfə deyil, neçə illərdir bu rotasiyaları edirik. Ola bilər bu il tam alınmadı. Düzgün qərarlar verməyə çalışacağıq.
Rəqib hesabda önə keçəndən sonra vaxt aparırdı. Bu, sizin komandada qıcıq yaradırdı?
- Ümumən çox təsir edir. Vaxt keçirmək olar, hakimlərə deyəndə deyirlər ki, vaxtı uzadacağıq. Söhbət burada vaxtı uzatmaqdan getmir. Söhbət tempin aşağı düşməsindən gedir. Oyunu əla alanda 3-4 dəqiqəlik pauza yaranır. Bu, əlbəttə ki, istənilən komandanın futbolçularında qıcıq yaradır. İstəməzdim ki, temp bu qədər aşağı düşsün. Sanki, məğlub olursansa, ikinci hissəni oynamırsan. Hakimə bildirirdim ki, əvvəlcədən xəbərdarlıq ele ki, sonra bu hallar yaşanmasın. Bu da rəqibin taktiki gedişlərindən biridir. Normal baxmaq lazımdır. Komandalar qalib gəlmək üçün hər variantdan istifadə edirlər. Tempi bu qədər salmasaq, yaxşı olar. Futbol dinamik oyundur.
Avrokuboklarda oynadığınız dönəmdə çempionatda xal itkiləri yaşayırsız. Qışdan sonra bunları kompensasiya etmək mümkün olacaq?
- Qısa kimi kompensasiya etmək lazımdır. Qarşıdakı oyunlarda daha da aktiv olmalıyıq. Gələn ili də hələ bilmək olmaz. Bəlkə qrupda oyunlarımız uğurlu oldu. Gələn il üçün də bizim sıx qrafikimiz ola bilər. Hər bir halda buna öyrənməliyik. Neçə illərdir bu yolu keçmişik. Sadəcə bu il xal itkiləri daha çox oldu. Daima liderlər sırasında olmaq istəyiriksə, hansısa addımlar atmalıyıq.
Bəhlul və Bədavinin formaya düşməsi nə qədər çəkəcək?
- Bəhlulda hər şey normaldır. Bədavi zədəlidir. Onun komandaya qoşulmasına 15-20 gün var.
Bəhlul Medina qədər effektli deyil.
- Bəhluldan razıyam. Həm Bəhlul, həm Medina müdafiədə etibarlı oynayır. Məncə bir-birini heç də pis tamamlamırlar.
5 tura 2 məğlubiyyət və 1 heç-heçə. Bu, çempionatda sizin üçün faciəyə çevrilə bilər?
- Deməzdim faciə olacaq. Amma nəticəyə təsir edə bilər. Turnir cədvəlinə baxsaq, yığdığımız xallardan razı deyilik. Görünür ki, bu il çempionat tam fərqli olacaq. Böyük çempionatlarda bəzən düşünülməmiş nəticələr olur. Ola bilər ki, bu il ona getsin.
Nəriman Axundzadənin faydalı iş əmsalının yüksək olması üçün ona nə qədər vaxt lazımdır?
- Müddət olaraq deyə bilmərəm. Məncə, mütəmadi oynamaq lazımdır. Özü də bu haqda düşünməlidir. Oyunçu var daha tez adaptasiya olur, oyunçu var vaxt lazımdır. İnandığım futbolçulardandır. Mən şərait yaradıram, özü də gərək aktiv olsun.
Azarkeşlərin gözləntisi böyükdür. Sizcə, bu mövsüm Avropa Liqasında qrupdan çıxmaq mümkündür?
- Biz də çox istəyirik ki, azarkeşlərimizi daha uğurlu nəticələrlə sevindirək. Hər turnirdə maksimum gücümüzdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi bu il də çalışacağıq ki nəticələrimizi minimum qoruyub saxlayaq.