"Ruslan Rusiya klubuna məşqçilər korpusunda yer almağa getməyib"
Azərbaycan milli komandasını keçmiş futbolçusu Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda təcrübə keçir.
Bu barədə Mediasport.az saytına Abışovun qardaşı Sərxan İbrahimoğlu məlumat verib.
O, futbolçu karyerasını bu yaxınlarda başa vuran Ruslanın uzunmüddətli təcrübə üçün "Dinamo"nun düşərgəsinə yollandığını deyib:
"Komanda hazırda Türkiyənin Antalya şəhərindədir. Fevralın sonuna qədər orada olacaqlar. İnşallah, ondan sonra Ruslan davamlı olaraq Mahaçqalaya gedib-gələcək. Buna səbəb onun təcrübə müddətini faydalı keçirməsidir. Sağ olsun, baş məşqçi Qurban Berdıyev Ruslanı çox istəyir. O da məsləhət görüb ki, təcrübə uzunmüddətli olsun. Yəni, Ruslan ora "Dinamo"nun məşqçilər korpusunda yer almaq üçün getməyib. Sırf təcrübə qazanmaq üçün yollanıb. Daha sonra nələrin olacağını görəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olar".
Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Rusiya Premyer Liqasında "Rubin"in uğurları üçün çalışıb. Həmin vaxt Kazan təmsilçisinin baş məşqçisi olmuş Berdıyev Abışova dəstək olub.
Keçmiş müdafiəçi vida matçına birvaxtlar kapitanı olduğu "Neftçi" ilə Rusiyanın "Zenit" klubu arasında Bakıda keçirilən yoxlama görüşündə çıxıb.