"Şamaxı"nın komandaları üçün antidopinq seminarı keçirilib
"Şamaxı" futbol klubunun U-15 və U-16 komandaları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.
Mediasport.az xəbər verir ki, seminarda dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.
Nümunələrin toplanmasından laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin idmançılara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib.
Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, narkotik vasitələr, onların zərərləri və cəmiyyətə olan mənfi təsirlərindən danışılıb.