Şirvan və Kürdəmir gimnastları Bakı toplanışına başlayıblar
Şirvan və Kürdəmir Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıb.
Mediasport.az xəbər verir ki, dekabrın 9-dək davam edəcək hazırlığın əsas məqsədi regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.
13 gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə idmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq, alət texnikası üzrə məşqlər keçirilib. Hazırlıq prosesində həmçinin mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilib.
Kürdəmir və Şirvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə məşqçi olan Ləman Zeynalzadə idmançıların Bakıda hazırlıq keçməsinin onlar üçün böyük şans olduğunu vurğulayıb. O bildirib ki, bu cür təlim-məşq toplanışları gimnastların dekabr ayı ərzində keçiriləcək yarışlarda yaxşı nəticə qazanmalarına təkan verəcək.
Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi bu layihə təkcə Bakıdan mütəxəssislərin rayonlara səfərləri və master-klasların təşkilini deyil, həm də ölkənin müxtəlif bölgələrindən perspektivli idmançıların paytaxta toplanışa dəvət olunmasını nəzərdə tutur.
Qeyd edək ki, bundan əvvəl Gəncə, Masallı və Lənkəran, Mingəçevir Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasının qonağı olublar.