Sloveniyadan 9 medal
Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.
MediaSport.az xəbər verir ki, Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub.
Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.
Turnirin ilk günündə oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov və -55 kq. çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə -44 kq. çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.
Yarışın ikinci günündə qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında isə -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.
Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.
Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -90 kq. çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. +90 kq. çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb.