Ölkə çempionu "Sabah" Azərbaycan Kubokunda mübarizəni dayandırıb
"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki görüş baş tutub.
Mediasport.az xəbər verir ki, əvvəlcə "Gəncə" və "Şəki" komandaları qarşılaşıblar.
Gəncə təmsilçisi 85:78 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Gəncə"dən Donovan Filds (20 xal, 7 asist), "Şəki"dən Simeus Vebster (22 xal, 14 ribaund) olublar.
Qrupdan çıxmağa çalışan iddialı "Sabah" gözlənilmədən "NTD-İndiqo"ya uduzub - 85:89. Beləcə, Xaçmaz klubu B qrupunu lider tamamlayıb, ölkə çempionunun məğlubiyyəti "Sərhədçi"ni yarımfinala çıxarıb.
Ən məhsuldar basketbolçular "Sabah"dan Endər Poladxanlı (21 xal, 10 ribaund), "NTD-İndiqo"dan Qriffin Remmi (21 xal, 11 asist) olublar.
Yarımfinal oyunlarında "NTD-İndiqo" "Xəzri" ilə qarşılaşacaq, "Neftçi" "Sərhədçi"ni sınağa çəkəcək.
Qarşılaşmalar aprelin 17-də keçiriləcək