"Son illərdə Azərbaycanda tamblinq idman növü inkişaf edib" - Məşqçi
"Məşqçi olaraq hədəfimiz odur ki, idmançılarımız yarışlarda bütün hərəkətləri tam icra edə bilsinlər".
Mediasport.az xəbər verir ki, bu sözləri tamblinq üzrə Azərbaycan millisinin məşqçisi Rahib Əliyev deyib.
O, yarışların yüksək səviyyədə keçdiyini bildirib:
"Son illərdə Azərbaycanda tamblinq idman növü inkişaf edib. Nəticələrimiz buna sübutdur. 2018-ci ildə Mixail Malkin Avropa çempionatında qızıl, eləcə də dünya çempionatında fərdi və komanda şəklindəki birinci yeri çıxmağı bacarmışıq".
Rahib Əliyev bu yarışdan sonra tamblinq üzrə əsas millinin Qazaxıstana yollanacağını söyləyib:
"Almatı şəhərində beynəlxalq yarış olacaq. Turnirdəki iştirakımız qarşıdakı yarışlara hazırlaşmaq üçün bizə kömək olacaq".
Qeyd edək ki, tamblinq üzrə yarışda qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.