Stadnik 10-cu dəfə, Kolesnik ilk dəfə Avropa çempionu olub

Stadnik 10-cu dəfə, Kolesnik ilk dəfə Avropa çempionu olub

21:30

Rumıniyada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığması daha bir qızıl medal qazanıb. 59 kq çəkidə yarışan Alyona Kolesnik finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipilə qalib gələrək karyerasında ilk dəfə Avropa çempionu adını qazanıb.

*********************************

20:30

Rumıniyanın paytaxtı Buxarestdə qadın güləşçilərin medal yarışları start götürüb.

Azərbaycan və dünya qadın güləşinin əfsanələrindən Mariya Stadnik (50 kq) finalda türkiyəli idmançı Evin Demirhanı asanlıqla məğlub edərək karyerasında 10-cu dəfə Avropa çempionu tituluna yiyələnib.

Bir qədər sonra digər təmsilçimiz Alyona Kolesnik də final görüşünə çıxacaq.

**********************************************

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan komandası bu gün daha 2 qızıl medal qazana bilər.

9-qat Avropa çempionu Mariya Stadnik (50 kq) final görüşündə türkiyəli Evin Demirhanla qarşılaşacaq.

Alyona Kolesnik (59 kq) isə karyerasında ilk dəfə qitə çempionu olmaq üçün ukraynalı Alina Filipoviçi məğlub etməlidir.

Bu gün digər qadın güləşçilərimiz də mübarizəyə qoşulacaqlar. Jalə Əliyeva (57 kq) və Elis Manolova (65 kq) təsnifatda müvafiq olaraq Erika Boqnar (Macarıstan) və Nikoleta Barmpa (Yunanıstan) ilə üz-üzə gələcəklər. Birgül Soltanovanın (62 kq) 1/8 finaldakı rəqibi isə Qreys Yakob Bullen (Norveç) olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

Milli komandalarımız yarışa 25 güləşçi ilə qatılıb.