"Tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər"
Fevralın 1-də Yüksək Liqada 3-cü dövrə start götürəcək.
Mediasport.az xəbər verir ki, bununla da 2 aya yaxın davam edən qış fasiləsinə yekun vurulacaq.
19 yaşadək futzalçılardan ibarət milli komandanın baş məşqçi İlqar Aslanov federasiyanın saytına açıqlama verib.
Mütəxəssis hazırlıqlara start verdiklərini vurğulayıb:
“Yanvarın 9-dan məşqlərə başlamışıq. Əlbəttə, hazırlığın əvvəlində fiziki ağırlıqlı çalışmalara üstünlük verəcəyik. Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidir. Üstəlik kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik. Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər. Məqsədimiz əsas milli üçün ehtiyat baza yaratmaq, A komandaya futzalçı yetişdirməkdir. Bu yaşda gənclərin “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi təcrübəli oyunçulardan qurulmuş kollektivlərə qarşı başabaş mübarizə aparması çox çətindir. Yaş fərqi böyükdür, bunlar indi-indi futzalın incəliklərini öyrənirlər”.