"Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır” - Ramiz Məmmədov

 "Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır” - Ramiz Məmmədov

"Şamaxı" futbol üzrə Azərbaycan 1-ci Liqasının 26-cı turunda lider "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə məğlub edərək 1-ci pilləyə yüksəlib.

Mediasport.az xəbər verir ki, bölgə klubunun baş məşqçisi Ramiz Məmmədov mərkəzi matçdan sonra təəssüratlarını bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

“İlk növbədə gərgin, gözəl oyuna görə “Qaradağ-Lökbatan” komandasına təşəkkür edirəm. Hakimlərə, eləcə də yüksək təşkilatçılıqda rolu olan hər bir kəsə minnətdaram. Mənə elə gəlir ki, azarkeşlər bugünkü oyundan zövq ala bildilər”.

"Şamaxı" göstərdi ki, oynaya bilir. Sizcə, müdafiəyə çox tez çəkilmədiz?

- Bizə qəhrəmanlıq, çempionluq lazımdır. Dəfələrlə gözəl oyun sərgiləyib, xal itirdiyimiz, çox sayda imkanımız olduğu halda qol vura bilməyib heç-heçə etdiyimiz matçlar olub. Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır”.

Fasilədə futbolçulara nə dediz, nəyi dəyişdiz?

- Komanda olaraq əvvəldən qələbəyə köklənmişdik. Mən hələ 5-6 tur öncədən demişdim ki, futbolçularıma inanıram, biz lider ola bilərik. Komanda bu gün bir daha xarakterini ortaya qoydu. Biz arxayınçılqıdan xallar itirmişik.

Sizin kimi, bu gün rəqibinizin baş məşqçisi Azər Həşimov da Mingəçevir futbol məktəbinin yetirməsidir, rəhbərliyiniz altında oynayıb. Onunla hər hansı bir intriqa var idi bu gün?

- Azər mənim kiçik qardaşımdır, əzizimdir. Hər zaman öz mərifəti, qanacağı ilə Azərbaycan futbolunda seçilib. Bu gün qardaşlıq öz yerində, futbol öz yerində idi. Azərə də, “Qaradağ-Lökbatan”ın rəhbəri Sadıq müəllimə də (Sadıq Sadıqov nəzərdə tutulur-red.) uğurlar arzulayıram.

Sona 1 tur qalmış liderliyi ələ keçirdiz. Son turda isə "Araz Saatlı"nı qəbul edəcəksiz...

İndidən çempionluq barədə düşünmürəm. Komandamız müvəqqəti olaraq liderliyə yüksəlib. Bəli, bu gün “qızıl oyun” idi. Lakin çempion son turda müəyyənləşəcək.

Autsayder "Araz Saatlı" bu gün iddialı "İmişli"ni məğlub etdi.

- Onların autsayder olmasının heç bir əhəmiyyəti yoxdur. Mən həmişə demişəm, uşaqlara başa salmışam, turnir cədvəlində hansı rəqibin neçənci olmağından asılı olmayaraq, rəqibə qarşı liderlə görüşə çıxırmış kimi köklənmişik. Bütün rəqiblərə hörmətlə yanaşmışıq. Çünki çempionatda zəif komanda yoxdur.

Son oyunda da VAR olmasını istərdiz? Bunun üçün AFFA-ya müraciət edəcəksiz?

- Olsa, sevinərdik. Lazım gəlsə, bununla bağlı PFL-ə müraciət edəcəyik.

Rəhbərliklə qarşıdakı mövsümlə bağlı danışığınız, söhbətiniz olub?

- Yeni mövsümlə bağlı müzakirələr aparmamışıq. Çempionat bitdikdən sonra bu barədə danışacağıq. Biz hələ çempion olmamışıq. Hazırda müvəqqəti olaraq liderliyə yüksəlmişik. Yalnız çempionluqdan sonra rəhbərliklə bu barədə müzakirələr aparmaq olar.

Elvin