"Tarixi nəticədə pay sahibi olduğum üçün şadam" - Millimizin kapitanı

 "Tarixi nəticədə pay sahibi olduğum üçün şadam" - Millimizin kapitanı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə Mediasport.az saytına müsahibə verib.


Əvvəlcə Kipr yığması ilə vacib oyun haqqında fikirlərinizi öyrənək.

- Kipr yığması ilə oyun hesabdan bəlli olduğu kimi gərgin keçdi. Buna baxmayaraq, bir neçə qol epizodunu dəyərləndirə bilmədik. Rəqibimizin qrupdan çıxmaq şansının qaldığını bilirdik. Hesab 0:1 olsa da, biz oyunu üstün keçirdik. Maçtın son 10 dəqiqəsində azlıqda qalsaq da, hesabı artırmaq üçün şanslarımız oldu. Əzm və mübarizə göstərib hesabı qoruya bildik.

Bu nəticədən sonra Azərbaycan yığması qadın futbolumuz tarixində ilk dəfə qrup birincisi oldu və B divizionuna yüksəlməyi bacardı. Təəssüratlarınız necədir?

- Tarixi nəticədə pay sahibi olduğum üçün şadam. Nəticədə hər kəsin əməyi var. Bizə inandıqları üçün ailəmizə, yaxınlarımıza və AFFA rəhbərliyinə təşəkkür edirəm. Xoş hisslərdir. Daha da böyük uğurlara imza atmaq istəyirik. Böyük uğura gedən yol xırda addımlardan keçir. Səbirlə öz yolumuza davam edəcəyik ki, qələbələrin davamı gəlsin. Azarkeşlərimizi sevindirmək istəyirik.

Oyunun sonlarında penaltini qaçırdız...

- Yaşım və oynadığım çempionatdan məlum olduğu kimi komandanın təcrübəli futbolçularındanam. Mənə heç nə mane olmadı, özümə güvənli, sakit idim və zərbəni də küncə tərəf yaxşı vurmuşdum. Sadəcə, rəqibin qapıçısı yaxşı reaksiya göstərdi. Monteneqro ilə oyunda da bir neçə şansım olmuşdu. Vururam, qapıçılar sanki gözləyirlər, zərbələrimi dəf edirlər. Əsas komandamızın qələbəsidir. Hər kəs qol vurmaq istəyir. Başa düşürəm ki, penaltini dəqiq yerinə yetirə bilsəydim, komandamız daha rahat olardı. Üzülmədim, özümə inanırdım ki, penaltini vura bilmədim, oyundan vuracam. Bunun üçün epizodlarım var idi. Düşünürəm ki, ikinci dəfə şans yaransa, bəxt mənim tərəfimdə olacaq.

Qrupun son oyununu dekabrın 5-də Bakıda Farer adaları millisinə qarşı keçirəcəksiz. Bu barədə nə deyə bilərsiz?

- Təbii ki, qələbə qazanmaq istəyirik. Rəqibimiz çox yaxşı komandadır. Komandanın heyətində gələcəyi olan futbolçular var. Son matçda Monteneqroya 0:9 hesabı ilə uduzsalar da, bizi onlarla gərgin oyun gözləyir. Komandada yorğunçuluq var. Bərpa üçün elə də vaxtımız yoxdur. Qrupdan çıxmağı təmin etsək də, bu, bizdə arxayınlıq yaratmır. Qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Əsas da məğlubiyyətsizlik seriyamızı davam etdirməyə çalışacağıq. Bunun üçün əlimizdə şans var. Komandamıza güvənirəm.