Ayxan Abbasov: "Bütün bunlara inandığımçün "Şamaxı"ya gəldim"
"Büdcəmizə uyğun komanda yığmışıq. Hansı çətinliklərlə qarşılaşacağımızı da bilirik. Premyer Liqada möhkəmlənməyə çalışacağıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
42 yaşlı çalışdırıcı çətin mövsüm keçirəcəklərini, oyunların ağır olacağını söyləyib:
"Mən "Şamaxı"ya baş məşqçi kimi təyinat aldıqdan sonra da futbolçular transfer etdik. Bu gün büdcəmizə uyğun hərəkət edirik. "Şamaxı" 1-ci Liqadan gəlib. Komandanın Premyer Liqada möhkəmlənməsi lazımdır. Heyətə cəlb etdiyimiz futbolçulara inanırıq. Bizim üçün çətin mövsüm keçəcək, çox ağır olacaq. Lakin vuruşmaq da lazımdır. Diqqətimiz "Şamaxı"nı yeni mövsüm Premyer Liqada saxlamağa yönəltmək olacaq. Bütün bunlara inandığım üçün "Şamaxı"ya gəlmişəm".
Abbasov Qətər komandaları ilə yoldaşlıq görüşü keçirəcəklərini açıqlayıb:
"Təlim-məşq toplanışına ayın 1-də "Şamaxı"da başlayacağıq. Qəbələdə yoldaşlıq görüşlərimiz olacaq. İmkan olsa, orada bir həftəlik təlim-məşq toplanışı keçirtmək istəyirik. Əsas istəyimiz komandanı komplektləşdirməkdir. Bunun üçün çalışacağıq. Öncə "Kəpəz"lə yoldaşlıq görüşü keçirəcəyik. Yaxın günlərdə qarşılaşacağımız Qətər komandalarının da adları bəlli olacaq".
Rövşən Əlisoy