"Birinci Liqaya düşmək ehtimalımız sıfır faizdir" - "Qəbələ"nin legioneri
“Qəbələ”nin yarımmüdafiəçisi Bilal Auaşeriya Azərbaycan Premyer Liqasının "Neftçi" ilə oyunundan sonra Mediasport.az saytına müsahibə verib.
0:2 hesabı ilə uduzduz, bu oyun barədə nə deyə bilərsən?
- "Neftçi"nin qol vurmaq üçün şansları çox oldu. Biz isə fərqlənə bilmədik. Bununla belə, yaxşı oyun göstərdik, aqressiv oynadıq. Sonadək döyüşdük. Bəzi epizodlarda rəqibdən daha yaxşı idik. Lakin bütün bunlar yetərli olmadı. Deməli, bundan da artığını etməliyik.
Qırmızı vərəqədən sonra hamı gözləyirdi ki, "Qəbələ" geridönüş edəcək. Lakin fərqlənən yenə "Neftçi" oldu.
- Oyunçu sayında üstünlük qazandıq. Amma epizodlar yarada bilmədik. Standart vəziyyətdən qol buraxdıqdan sonra buna cavab verə bilmədik. Ümid edirəm ki, növbəti matçda qələbə qazanacağıq.
Düşünürsünüz ki, "Qəbələ" "Neftçi"dən yaxşı oynadı?
- Bəli, bəzi epizodlarda onlardan üstün idik. Top uğrunda "Neftçi"dən daha çox mübarizə apardıq, daha çox döyüşdük. Təhlükəli komandayıq. Gələcəkdə bunu göstərməyə davam edəcəyik.
Bəs "Qəbələ" yaxşı oynayırsa, niyə qələbə qazana bilmir?
- Çətin vəziyyətlə üzləşmişik. Amma məğlubiyyətə görə kimisə günahlandırmaq olmaz. Birlikdə qələbə qazandığımız kimi, birlikdə də məğlub oluruq. 4 turdan sonra xal qazanmamaq xoş deyil. Amma qarşıdakı oyunlarda daha yaxşı çıxış edib bizə inananları, azarkeşlərimizi sevindirəcəyik
Bəlkə yeni oyunçular komandaya adaptasiya ola bilmirlər?
- Bu, problem deyil. Hər komandada belə hallar olur. Yeni oyunçular gəlir, digərləri gedir. Adaptasiyaya çox vaxt lazımdır. Gələcək haqqında pozitiv düşünürük. Qələbə qazanmaq istəyirik.
"Omoniya" ilə matçlarda yaxşı çıxış etdiz. Amma çempionat oyunlarında həmin "Qəbələ"ni görə bilmirik - bunun səbəbini nədir?
- Hər oyunda eyni cür çıxış edə bilmərik. Keçirdiyimiz hər bir matç fərqli bir hekayədir. Mən yalnız bugünkü oyuna köklənmək istəyirəm. Bizim planlarımız yalnız bundan ibarətdir.
Bəlkə komandada maliyyə problem var?
- Xeyr, bu barədə hər şey qaydasındadır. Heyətdə heç bir oyunçunun pul barədə şikayəti yoxdur. Meydana qələbə üçün çıxırıq. İstəyimiz yalnız budur.
4 oyun, 4 məğlubiyyət - bu gedişat "Qəbələ"ni Birinci Liqaya aparır. Artıq bu barədə düşünənlər də var...
- Futbol emosiyalar toplusudur. Bunlar sadəcə, fikirlərdir. İnsanların belə düşünməyini düzgün qəbul edirəm. Azarkeşlərimiz bizi peşəkar klub olaraq qəbul edir. Bu baxımdan haqlıdırlar. Birinci Liqaya düşəcəyimizə inanmıram. Bunun gerçəkləşmə ehtimalı sıfır faizdir.
Elvin