"Turnirin ənənəvi hal alması sevindiricidir" - Qabil Mehdiyev
“Bakı kəndləri arasında minifutbol turnirinin ənənəvi hal alması sevindiricidir”.
Mediasport.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.
Qurum rəsmisi Bakı kəndləri arasında minifutbol turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlama verərək yarışın əhəmiyyətindən danışıb.
O bildirib ki, bu turnir həm futbolun inkişafı, həm də idmanın kütləviliyi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Turnir artıq ikinci dəfədir təşkil olunur. Burada Bakının 32 kəndindən 2011-2012-ci il təvəllüdlü uşaqlardan ibarət komandalar may ayının 10-dək mübarizə aparacaqlar. Onlar 8 qrupda yarışacaqlar.
Bakı şəhərinin qəsəbələri eyni qrupda oynayacaq ki, komandalar uzaq məsafə qət etməsinlər.
Qrup və pley-off mərhələlərinin matçları paytaxtın qəsəbələrindəki stadionlarda davam edəcək. Final isə Bakı Tennis Akademiyasında baş tutacaq. Uşaqların belə turnirlərə böyük həvəsi var. İnanırıq ki, finalda da möhtəşəm mənzərə ilə qarşılaşacağıq”.