İK "Zirə" və "Kəpəz"in futbolçularını diskvalifikasiya etdi - QƏRAR
AFFA İntizam Komitəsi “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb.
mediasport.az xəbər verir ki, komitənin bu gün keçirilən iclasında Premyer Liqanın XVIII turunda baş tutan “Zirə” – “Kəpəz” matçında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
Gəncə klubunun oyunçularından Elçin Əlicanov və Giorgi Kantariya görüş zamanı, Mixeil Erqemlidze isə qarşılaşmadan sonra qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.
İntizam Komitəsi, həmçinin, bölgə təmsilçisini 6200 manat məbləğində cərimələyib. Bu cərimənin 4800 manatı bir görüşdə 3 qırmızı vərəqə olduğu üçün kəsilib.
“Zirə”dən isə Coşqun Diniyevlə Nemanya Andelkoviç qırmızı vərəqə aldıqları üçün 2023-cü ilin ilk oyununu buraxmalı olacaqlar. Andelkoviçdən fərqli olaraq, Diniyevin cəzası 2 matçı əhatə edəcək. Eyni zamanda, bakılılar 2600 manat məbləğində cərimə ödəməli olacaqlar.
“Zirə” – “Kəpəz” oyunu 2:2 hesabı ilə başa çatıb.