Yığmadan kənar qalan KAPİTAN: "Buna görə mənə çox adam yazdı"
2020-2021-ci illərdə Azərbaycanın əsas milli komandasının heyətində 3 oyun keçirmiş Şəhriyar Əliyev bu dəfə Canni De Byazinin açıqladığı siyahıdan kənar qaldı.
"Turan Tovuz"un heyətində həm ötən mövsüm, həm cari çempionatda stabil çıxışı, etibarlı oyunu ilə yadda qalan kapitan yığmadan kənar düşməsi ilə bağlı fikirlərini Mediasport.az saytına bölüşüb.
Təcrübəli futbolçu milliyə çağırılmadığına görə ruhdan düşmədiyini deyib:
"Buna görə mənə çox adam yazdı, zəng eləyib soruşurlar. Səbəbini baş məşqçidən soruşmaq lazımdır, onun qərarıdır. Mən nə deyə bilərəm ki? Mənimki futbol oynamaq, daim formada qalmaqdır, işimi görürəm. Mili komandaya düşmək, baş məşqçinin diqqətini çəkmək üçün var gücümlə çalışıram. Qərarı verən odur. Əlbəttə, ölkənin əsas komandasında oynamaq hər bir futbolçunun arzusudur. Mən də dəvət gözləyirəm. Şükürlər olsun, çempionatda klubumun heyətində stabil oynayıram. Hər bir futbolçu kimi, mən də dəvət olunmağı istəyirəm. İstənilən halda ruhdan düşmürəm. Belə halda heç vaxt həvəsdən düşməmişəm".
Qərb klubunun kapitanı xarakterində zəif olmadığını, hər zaman mübarizə əzmində olduğunu qeyd edib: "Əksinə, bu mənə daha çox motivasiya verir. Üzərimdə daha çox işləyirəm, çalışıram. Küsmək, həvəsdən düşmək mənə yad olan xüsusiyyətdir. Milliyə dəvət etməsələr, problem yoxdur, canla-başla çalışıb komandamın uğur qazanmasına çalışacam. Çağıracaqlarsa da, sevə-sevə əlimdən gələni edəcəm. Millidə oynamaq hamımız üçün şərəfdir".