Orxan Məmmədov: "Əlbəttə ki, "Zirə"nin avrokuboklardan kənarda qalması məni məyus etdi"
"Əlbəttə ki, "Zirə"nin avrokuboklardan kənarda qalması məni məyus etdi".
Bu sözləri MediaSport.az saytına açıqlamasında "Zirə" futbol klubunun fəxri prezidenti Orxan Məmmədov deyib.
Azərbaycan Mini-futbol Federasiyasının rəhbəri komandanın baş məşqçisi Rəşad Sadıqova güvəndiklərini, yenidən avrokuboklara vəsiqə qazanmaq istədiklərini deyib:
"Bu mövsüm "Qəbələ" ilə xallarımız eyni oldu. Növbəti mövsümdə də əsas məqsədimiz avrokuboklarda çıxış etməkdir. Heyətimizi buna uyğun olaraq qururuq. Əlbəttə ki, baş məşqçimizə inanırıq. Növbəti mövsümdə daha yüksək yerlər uğrunda mübarizə aparacağıq".
O.Məmmədov mini-futbol üzrə Azərbaycan çempionatı haqda da fikirlərini bölüşüb: "Çempionatda 17 komanda mübarizə apardı. Finalda gərgin mübarizənin şahidi olduq. "Birbaşa" çempionatın qalibi oldu. "Zirə"nin də çıxışını yüksək dəyərləndirirəm. Bu iki komandada millinin üzvləri çıxış edir. Hər iki komanda ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İkisinə də uğurlar arzulayıram. Üçüncü yeri tutan "Qarabağ" isə Avropa Kubokunda mübarizə aparacaq. Hər üç Komandanın potensialı böyükdür. Keçən il "Birbaşa" Çempionlar Liqasında uğurlu çıxış etmişdi. İnanıram ki, klublarımız da millimiz kimi Avropada uğurlu çıxış edəcək. Çempionatın xəritəsini genişləndirməyə çalışırıq. BƏƏ-də keçiriləcək dünya çempionatında Avropa çempionu olaraq gözəl nəticələr əldə edəcəyimizə inanıram".
Premyer Liqa klublarının mini-futbol komandalarının çempionatda iştirak etmək ehtimalı var?
- Bəli. Bir neçə ay əvvəl bu təkliflə çıxış etdim ki, ən azından Premyer Liqa klublarının minifutbol komandası olsun. Klublar da bizi dəstəkləyir. Artıq "Qarabağ", "Zirə" kimi komandalar var. İnanıram ki, bu, peşəkar səviyyədə gündəmə gələcək. Bununla bağlı danışıqlar aparırıq. İstərdik ki, çempionatda peşəkar komandalar olsun, sponsorların adı ikinci dərəcəyə keçsin. İnanırıq ki, bizim bu təklifi dəyərləndirəcəklər.
Böyük futbolda mini-futboldakı uğurların olmamasının səbəbi nədir?
- Futbol funksionerləri kimi ən birinci əsas millimizi fikirləşməliyik. Əlbəttə ki, Estoniya ilə matçda qeydə alınan nəticə hamımızı üzdü. Çünki həm azarkeşlər, həm futbol adamları qələbə gözləyirdi. Böyük futbol daha böyük yanaşma tələb edir. Premyer Liqada son mövsüm çox gərgin keçdi - həm aşağı yerlər, həm çempionluq, 3-4-cü yerlər uğrunda. İnanırıq ki, bu ruh, bu mübarizə milliyə də gələcək, biz də böyük nəticələr əldə edəcəyik, qrupda ən azından 2-3-cü yerlər uğrunda mübarizə aparacağıq.
Elvin