"Omoniya" ilə bugünkü matçda azərbaycanlı azarkeşlər olmayacaq
UEFA Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk matçı çərçivəsində bu gün Kiprdə keçiriləcək "Omoniya" - "Zirə" qarşılaşmasında qonaq komandanın azarkeşləri olmayacaqlar.
Bakı klubunun mətbuat katibi Elmar Abdullazadənın Mediasport.az saytına verdiyi məlumata görə, bu ölkədə, demək olar, azərbaycanlılar yaşamadağından stadionda bizim tamaşaçıların olması gözlənilmir:
"Düzdür, UEFA-nın qaydalarına görə tribunların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq. Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır. Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də çox güman, stadionda bizim azarkeşlər görünməyəcək".
Xatırladaq ki, matç Bakı vaxtilə saat 21:00-da başlanacaq.