299-cu "El Klasiko": "Real" əzəli rəqibini son dəqiqələrdə üstələdi
Əzəli və əbədi rəqabətdə barışmaz mövqe tutan "Real" və "Barselona" qarşıdurmalarının növbəti seriyası Madriddə baş tutub.
Mediasport.az xəbər verir ki, tarixə 299-cu duel kimi düşən "El Klasiko" Madrid klubunun qələbəsilə yekunlaşıb - 3:2.
Karlo Ançelottinin baş məşqçisi olduğu "Kral klubu" "Santyaqo Bernabeu" stadionunda reallaşan görüşdə 3 xalı son dəqiqələrdə təmin edib.
Cud Bellingem qələbə gətirən qolun müəllifi olub. Ona qədər komanda yoldaşlarından Vinisius Junyorla Lukas Vaskes, qarşı tərəfdən isə Andreas Kristensen və Fermin Lopes fərqləniblər.
Bu, komandaların La Liqada 188-ci qarşılaşması olub. Primerada ən çox qələbəni madridlilər qazanıblar - 79 dəfə.
Son duel ümumilikdə bütün turnirlər daxil 299 "El Klasiko"da "qalaktikos"un aktivinə 111-ci qalibiyyət kimi yazıldı.
La Liqada növbəti çempionluğa iri addımlarla gedən "Real" bu qələbədən sonra xallarının sayını 81-ə çatdırıb, ən yaxın izləyicisi "Barselona"nın hesabında 70 xal var.