"Hər epizodu məsuliyyətsizliklə əlaqələndirmək olmaz"

"Hər epizodu məsuliyyətsizliklə əlaqələndirmək olmaz"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində evdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

 

MediaSport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Bilirdik ki, bizi ağır oyun gözləyir. "Qarabağ"ın gücü hamıya bəllidir, çempionatın vahid lideridir. Komandam mübariiyi, xarakteri ilə 90 dəqiqə oyundan qopmadı. Xal qazanmasaq da, layiqli mübarizə apardığımızı düşünürəm. Dinamika baxımından komandadan razı qaldım.


- "Qəbələ" son beş dəqiqədə yaxşı mübarizə apardı. Komanda matç ərzində niyə belə oynamadı?

- "Qarabağ"a qarşı 10 nəfərlə və hesab 0:0 olarkən keç kim irəli atılmaz. Sadəcə, komanda son dəqiqələrdə hiss etdi ki, təzyiq yaradıb rəqibin üzərinə getmək olar. 


- İlkin Qırtımov meydanın mərkəzində kobud oynayıb qırmızı vərəqə gördü. Bunun adı məsuliyyətsizlik deyil?

- Hər epizodu məsuliyyətsizliklə əlaqələndirmək olmaz. Rövşən Muradov qırmızı vərəqə alandan sonra hamı yazırdı ki, komandada nəsə baş verir. Oyun epizodudur. Heç kim heç kimə qarşı məsuliyyətsizlik etməyib. Sadəcə top uğrunda mübarizə aparırdı. Amma rəqibə də xəsarət yetirdi. 


- Daha çox karate fəndi işlətdi...

- Bu, ani epizoddan yaranan şeydir. İlkinin bilərəkdən etdiyinə inanmıram. O, nizam-intizamı yerində olan futbolçudur. 


- "Qəbələ" çempionatda heç-heçə etməyən yeganə komandadır. Buz qələbə istəyindən irəli gəlir?

- "Səbail"lə matç heç-heçəyə gedirdi, son dəqiqələrdə qol vurduq. Mən bununla əlaqələndirməzdim. Komandanı daha çox hücumda görmək istəyirəm. Bəzən yaxşı alınır və qələbə qazanırıq. Alınmayanda isə məğlub oluruq. 


- İlk dövrə başa çatdı. Ümumi olaraq necə dəyərləndirirsiz?

- Xalla dəyərləndirməzdim. Komandanın oyundan-oyuna daha yaxşı impuls verdiyini qeyd edərdim. İstədiyimi meydançada görürəm. İnanıram ki, getdikcə daha məzmunlu oyun nümayiş etdirəcəyik.


- Asif Məmmədovla Ramon Maçadonun ehtiyatda olmasının səbəbi nə idi?

- "Səbail"lə matçdan sonra Maçadonun mikrozədəsi var idi. Komanda ilə bir məşq etmişdi. Asif də bir az özünü yaxşı hiss etmirdi.


- Birinci hissə bitəndən sonra hakimə etirazınız var idi. Refferilərin idarəçiliyindən razı qaldız?

- Etirazı normal qarşılayın. Oyunun içində oluruq. Sadəcə hakimə öz mövqeyimi bildirdim. O da cavabını verdi. Hər şey qarşılıqlı anlaşma şəklində oldu. 


- Bütün rəqiblərlə oynadız. "Qəbələ" avrokuboklara gedəcək potensialdadır?

- İndi heç kim avrokubokları fikirləşmir. Daha çox o elementlərin üzərində dayanırıq ki, daha da yaxşı olaq. Hələ qarşıda üç dövrə var, hər şey dəyişəcək. Amma komanda o iddiadan əl çəkməyəcək. Daha iddialı olmağa çalışacağıq. 


- Qapıçı ilə müdafiəçinin anlaşılmazlığından qapınızda qol gördüz. Bunun səbəbi nədir?

- Elə epizod idi ki, kənardan biz də reaksiya verə bilmədik. Futbolun özəlliyi də odur ki, gözləmədiyin yerdə rəqib səni cəzalandırır. Ani səhvdir, heç kimə bağlamazdım. Rəqibin usta futbolçuları bunu dəyərləndirdi.