AFFA-nın Canni De Byazini qova bilməməsinin ƏSL SƏBƏBİ!
Məlum olduğu kimi, bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Yığıncaqda futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi tərəfindən AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya (1:4) və İsveç (0:5) milli komandalarına qarşı keçirilmiş oyunlar və böyükhesablı məğlubiyyətlərlə bağlı ətraflı hesabat təqdim olunub. Guya!
İtaliyalı məşqçinin hesabatı dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar ona iradlar səsləndirilib (guya), hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının vacibliyi bildirilib. Eyni zamanda, qeyd olunub ki, milli komandanın heyətinə cəlb olunan futbolçuların millinin oyunlarına daha da məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdir (guya).
Əslində isə məsələ başqa cürdür. İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişindən sonra "tüstü" ərşə yayılıb. AFFA rəhbərliyi biabırçı nəticələri ört-basdır etməkdən ötrü həmişəki kimi, "qurbanlıq" vermək məcburiyyətində qalıb və məhz Canni De Byazi "seçilib".
Bugünkü toplantının da mövzusu birmənalı şəkildə İK üzvlərinin italiyalını yola gətirməsi, razılıqla milli komandadan istefa verməsini təmin etmək olub. Lakin sən saydığını say...
67 yaşlı mütəxəssis müqaviləyə xitam verməyə razılaşsa da, kompensasiyadan bir qəpik də imtina etmək fikrində olmadığını deyib. Bir manat da güzəştə getməyəcəyini bəyan etdikdən sonra iclas zalını tərk edib. Beləcə, məcburiyyət qarşısında qalan federasiya rəhbərliyi və İK üzvləri əlavə 1 saatlıq məşvərətdən sonra müqavilə müddətinin sona çatmasını gözləməkdən başqa çıxış yolunun olmadığına qərar verilib.
Xüsusi vurğulayaq ki, Canni De Byazi müqaviləyə əsasən, AFFA-dan 1 il üçün 1 milyon manatdan çox əmək haqqı alır. Bakıda lüks şərait və digər məişət xidmətləri xaric. Məşqçinin federasiya ilə müqaviləsi 2023-cü il noyabrın 30-da başa çatacaq.
mediasport.az