"Araz-Naxçıvan"da üzlər gülür, zədəlilər çempionla matça hazırdır
Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlıqlarını davam etdirir.
Azər Bağırovun komandası günü bir məşqlə yekunlaşdırıb.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən məşqdə zədə səbəbindən “Qəbələ” ilə görüşü buraxan İsmayıl Azzaui də iştirak edib. Yarımmüdafiəçi son çempionla duelə hazırdır.
Eyni zamanda, yüngül zədəsi olan Vanderson da kollektiv çalışmalara qatılıb. Dayaq yarımmüdafiəçisi də baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Saat 19:00-da start götürəcək görüş "CBC Sport"la canlı yayımlanacaq.