ATF-də medal qazanan idmançıları və məşqçiləri ilə görüş keçirilib
Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında son aylarda medal qazanan taekvondoçular, parataekvondoçular və onların məşqçiləri ilə görüş keçirilib.
Mediasport.az xəbər verir ki, ATF-in vitse-prezidenti Hikmət Səmədov müxtəlif yaş qrupları üzrə komandalarımızın rəsmi və beynəlxalq turnirlərdə inamlı çıxışını xüsusi vurğulayıb.
Görüş iştirakçılarına ATF prezidenti Kəmaladdin Heydərovun təbriklərini çatdıran vitse-prezident bildirib ki, son zamanlar ardıcıl qazanılan uğurların ardının növbəti yarışlarda da gələcəyinə inam ifadə edib. H. Səmədov taekvondoçularımızdan və parataekvondoçularımızdan, müvafiq olaraq Paris-2024 Yay Olimpiya ilə Yay Paralimpiya Oyunlarında uğur gözlədiyini, Azərbaycan himnini Fransa paytaxtında səsləndirmək üçün bütün vacib şəraitin yaradıldığını bildirmişdir.
Bundan sonra ATF rəsmiləri taekvondoçuların, parataekvondoçuların və məşqçilərin problem və təkliflərini dinləyib. H. Səmədov bütün vacib məsələlərin həll istiqamətində tapşırıqlarını vermişdir. İdmançılar da diqqət və dəstək üçün təşəkkür ediblər.
Görüşün yekununda müxtəlif yaş qrupları üzrə medal qazanan yığma üzvləri mükafatlandırılıb. Bildirilib ki, bu ənənə növbəti turnirlərdə də davam etdiriləcək.