Həsənov yarımfinalda, daha 5 boksçumuz medalsız qaldı - AÇ
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycanın daha bir idmançısı yarımfinala yüksəlib.
63,5 kq çəkidə yarışan Malik Həsənov üçüncü görüşündə İrlandiya təmsilçisi Din Klensini məğlub edib.
İdmançımız "Paris-2024"ə lisenziya qazanmış rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Həsənov yarımfinalda moldovalı Alexandru Parasçivlə qarşılaşacaq. Final yolunda döyüşlər bu gün baş tutacaq.
1/4 finala yüksəlmiş digər təmsilçilərimiz Həsən Məlikov (48 kq) Erqyunal Sebahtinə (Bolqarıstan), Məsud Yusifzadə (51 kq) Samet Gümüşə (Türkiyə), Amin Məmmədzadə (54 kq) Bilal Bennamaya (Fransa), Nəbi İsgəndərov (67 kq) Laşa Quruliyə (Gürcüstan) və Sərxan Əliyev (71 kq) Əsgərxan Mehdiyevə (Gürcüstan) uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, ölkəmiz qitə çempionatına 12 kişi və 5 qadın boksçu ilə yollanmışdı.
Yarımfinala yalnız 2 təmsilçimiz çıxa bilib.
92 kq-da mübarizə aparan Alfonso Dominges kimi, Malik Həsənov da yarımfinala çıxmaqla minimum bürünc medalı təmin ediblər.