"Doğru yoldayıq, kubokda hədəfimizə çatmaq istəyirik" - Azərbaycan çempionatının bürünc medalçısı

"Doğru yoldayıq, kubokda hədəfimizə çatmaq istəyirik" - Azərbaycan çempionatının bürünc medalçısı

Yeni başa çatmış futzal üzrə Azərbaycan Yüksək Liqasında komandasına bürünc medalları qazandırmış “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazov mediasport.az saytının suallarını cavablandırıb.


Yüksək Liqada 2022/2023-cü illər mövsümü başa çatdı. Geridə qalan çempionat barədə fikirləriniz maraqlıdır.

- Mövsümün əvvəlindən bilirdik ki, “Araz-Naxçıvan” çempionluğa əsas namizəddir. Biz də çempionata yaxşı hazırlaşmışdıq. Mövsümə yaxşı başladıq və yekunda pley-off oyunlarına vəsiqə qazandıq. Bu mərhələdə istədiyimizi əldə edə bilmədik. Liqanın gənc komandalarından biriyik, bu mövsümü özümüz üçün təcrübə hesab edirəm. Yüksək Liqada 3-cü yeri tutduq, bu yarışda ilk medalımız oldu.

Medal demişkən, "Baku Fire" mövsümü 3-cü pillədə başa vurdu. Nə deyə bilərsiz?

- Bürünc medalları qazanmağımız onu göstərir ki, doğru yoldayıq və inkişaf edərək irəliləyirik. Geridə qalan mövsümlərə nəzər salsaz, komandamızın inkişafda olduğunu aydın görə bilərsiz. Əvvəlcə mövsümü 5-ci, daha sonra 4-ci pillədə başa vurmuşduq. Bu dəfə isə 3-cülük oldu.

Çempionluq üçün nə lazımdır, nə çatışmır?

- Qeyd etdiyim kimi, əsas favorit “Araz-Naxçıvan”dır. Bizim komandanı onlarla müqayisə etmək düzgün olmaz. Bütün mənalarda bizdən bir baş üstündürlər. Çempion olacaqları da gözlənilən idi.

Bildiyimiz qədər, komandanızda legionerlər kifayət qədərdir. Sizdə maliyyə məsələsi necə nizamlanır, konkret sponsor var, yoxsa əmək haqqlarını ödəməkdə çətinlikləriniz olur?

- Şükürlər olsun ki, bu mövsüm belə problemlərlə qarşılaşmadıq. Əksinə, əvvəlki mövsümlərlə müqayisədə, şəraitimiz daha yaxşılaşıb. Məşq etmək, oyunlara hazırlıq, zədəli futzalçıların müalicəsi, maddi məsələ və.s. bu kimi vacib məqamlar əvvəlki illərdən fərqli, indi stabil olaraq qaydasındadır.

Qarşıdakı mövsüm və gələcək üçün planlarınız nədən ibarətdir?

- Qarşıda bizi Azərbaycan Kubokunun yarımfinal oyunu gözləyir. Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Kubokda hədəfimizə çatmaq istəyirik. Gələn mövsüm barədə, məncə, indidən nəsə demək tezdir. Təbii ki, yeni sezona daha yaxşı bir kollektiv yaratmağa çalışacağıq.