Yığmamız üçün TARİXİ ŞANS - Komandamız AÇ-2024-ə çıxa bilər!
Futbol üzrə Azərbaycan milli komandasının gələn ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etmək imkanı qalır.
Mediasport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda mübarizə aparan komandamız bu turnirdən final mərhələsinə yollanmaq şansını qaçırsa da, Qazaxıstan milli komandası Azərbaycan üçün "yaşıl işıq" yandıra bilər.
Bunun üçün AVRO-2024-ün H qrupunda yer alan Maqomed Adiyevin komandası qrup mərhələsinin son turunun Sloveniya səfərindən qalib ayrılmalıdır.
Qazaxlar AÇ-yə seçmə mərhələdən yollana bilsələr, Azərbaycan yığması Millətlər Liqasının C Liqasında pley-off oynamaq hüququ əldə edəcək.
Millimiz bu imkanı qazansa, qitə birinciliyinə getmək üçün yarımfinalda Gürcüstan, finalda Yunanıstan-Lüksemburq cütünün qalibi ilə qarşılaşmaq fürsəti yaxalayacaq.
Azərbaycan yığması 4 komanda arasında keçiriləcək pley-off oyunlarını qalib başa vursa, tarixində ilk dəfə final mərhələsinə çıxmış olacaq.
Sloveniya - Qazaxıstan oyunu noyabrın 20-də Bakı vaxtilə saat 23:45-də start götürəcək.