"Azərbaycan üçün etdiyim göz önündədir" - Unudulmuş əfsanə
Mediasport.az Azərbaycan voleybolunun əfsanələrindən, 1990-2000-ci illərdə qadınlardan ibarət yığma komandamızın əsas simalarından olmuş 54 yaşlı Yelena Şabovtanın "Futbol+" qəzetinə müsahibəsini təqdim edir.
Yelena xanım, artıq uzun müddətdi ölkəmizi tərk etmisiz. Harda yaşayırsız?
- Dörd ildi Fransadayam. Daha əvvəl isə İstanbulda olurdum. Həyat yoldaşım burda kişi voleybolçulardan ibarət yerli kluba rəhbərlik edir. Özüm isə iki ildi Region Liqasında qızlar komandasını çalışdırıram. Mövsümə yaxşı başlamışıq. 4 oyuna 4 qələbəmiz var (gülür).
Yığmanın əsas ulduzlarından biri olmusuz. Yerli klubların bəzilərində çıxış eləmisiz. Yenidən Azərbaycana qayıtmaq fikriniz var?
- Bilirsiz ki, 2014-16-cı illər aralığında Azərbaycanda menecer kimi çalışdım. Daha əvvəl isə bir sıra oyunçuları milli üçün qazandırdım. Məsələn, Marqarita Stepanenko, Alyona Xarçenko, Polina Rəhimova, Yelizaveta Ruban, Nikolina Başnakova kimi voleybolçular hazırda yığmanın şərəfini qoruyur. Daha sonra maliyyə problemləri çıxdı. Həmçinin də ailə məsələlərinə görə Türkiyəyə döndüm. Bundan sonra heç kim məndən nəsə istəmədi. Menecerlik şirkətim var idi. Daha sonra o da bağlandı. İndi bəzi şəxslərlə bu işi davam etdiririk. Lakin əlimizdə olan oyunçular da çox deyil.
Menecer kimi Azərbaycana oyunçu təklif etmisiz?
- Xeyr, mən belə şeyləri xoşlamıram. Yəni Azərbaycandan təklif gələnə qədər özüm nəsə demərəm. İstəsələr, onda düşünürəm.
Faiq Qarayev sizə geri qayıtmaqla bağlı təklif göndəribmi?
- Faiq bəylə aramız yaxşıdı, həmişə onunla danışıram. Lakin voleybol yox, başqa mövzularda. Mənə indiyə kimi heç bir təklif göndərməyib. 2008-ci ildə Rubanı, Marqaritanı ölkə voleyboluna qazandırdım. Bilirsiz ki, onlar əslən ukraynalıdı. Və daha kiçik yaşlardan Azərbaycana gətirdim. İndi baxıram ki, bu işlə məşğul olan yoxdu. O vaxt da diqqət ayırmadılar, mən də başını buraxdım. Düzdü, federasiya hazırda aşağı yaş qadın komandalarına Şahin Çatmanı gətirib. Çox yaxşı addımdı. Şahin abi Türkiyədə sevilən, təcrübəli məşqçidi. "Azərreyl" də avrokuboklarda mərhələ adladı, hazırda yaxşı formadadı. Lakin gətirdikləri legionerlər üst səviyyədə deyil. Bunun da səbəbi klub rəhbərliyinin çox pul ayırmamasıdı.
Düşünmürsüz ki, sizi Azərbaycanda unudublar?
- Bəzi adamlar onlara maraq göstərənlərin çox olmasını arzulayır. Əslində mənim Azərbaycan üçün etdiyim göz önündədi. Bakıya gəlsəm, şəhərə çıxsam, hər kəs məni tanıyacaq. Deyəcəklər ki, “İlahi, Şabovtadı". İndi federasiya da dəyişib. Yeni işlər görmək istəyirlər. Bəlkə də keçmişlə maraqlanmaq istəmirlər. Bu şeylərə görə üzülmürəm. Mən özüm bilirəm ki, keçmişdə nələr etmişəm. Bakını, ölkənizi çox sevirəm. Ölkəniz dedim, amma ora mənim də vətənimdi. Gözəl dostlarım var. Hətta yığmanın bütün oyunlarını izləyirəm.
Hazırda Azərbaycandakı hansı dostlarınızla əlaqə qurursuz?
- Voleybol camiəsində çox dostum yoxdu (gülür). Amma Faiq Qarayev, Zöhrab Gözəlbəyli ilə danışırıq. Hər ikisinin Allah canını sağ eləsin. Həmişə mənlə maraqlanırlar, bayramlarda təbrik edirlər.
Millinin oyunlarını izlədiyinizi dediz. Son Avropa çempionatındakı çıxışından da xəbərdar olarsız. Sizin dönəmdəki yığma Türkiyə millisini rahatlıqla uda bilirdi. Lakin indi hər şey fərqlidi. Qrup mərhələsində qardaş ölkə təmsilçisi bizi məğlub etdi və sonda yarışın qalibi oldu. Türklərin bu səviyyəyə qalxmasının səbəbi nədi?
- Türkiyə 2003-cü ildə Avropa üçüncüsü olandan sonra inkişafa başladı. Voleybola böyük maraq göstərdilər. Bu idman növü ilə heç əlaqəsi olmayan ölkələrdə voleybol məktəbləri açdılar, nəticələr qazandılar. Buna görən digər ailələr də qızlarını voleybola yazdırdılar. İndi maraqlıdı, Azərbaycandakı bəzi ailələr buna icazə verərlərmi? Bizim qızlar da fiziki və boy baxımından geri qalırlar. Əslində Gəncədə, başqa bölgələrdə yaxşı, ucaboy gənclər var. Ancaq onları üzə çıxartmaq lazımdı. Məktəblərə getməlidilər, istedadlı qızlar seçilməlidi. İndi bilmirəm bu işlə necə məşğul olurlar. AÇ-dəki uğursuzluğa gəlincə, yığma turnirə yaxşı başladı, ilk oyunda Çexiyaya qalib gəldi. Sanki daha sonra qızlarda arxayınlıq yarandı. Hətta mən özüm də fikirləşirdim ki, bu komanda yarımfinala kimi gedə bilər. Amma alınmadı. Bunun da səbəbi millidə liderin olmaması idi. Hamı fərdi üslubda oynayırdı. Ancaq voleybol kollektiv oyundu və fərdiliyi sevmir. Sənin komandanın heyətində ulduz ola bilər, lakin bir lider olmadısa, nəticə göstərmək çətindi.
Ataman Güneyligil turnirdən sonra bizim qəzetə müsahibəsində bəzi qızları suçladı. 30 yaşdan yuxarı oyunçuların voleybolu indi öyrəndiyini, turnir zamanı oyunçular arasında qruplaşma olduğunu, bəzilərinin bilərəkdən baş məşqçisinin verdiyi tapşırıqları yerinə yetirmədiyini dedi. Təcrübəli mütəxəssis kimi bu məsələyə münasibətiniz necədi?
- Ataman Türkiyədə sayılıb-seçilən məşqçidi, onunla münasibətim də var. Həyat yoldaşı Nihanla birgə “Qalatasaray”da çıxış eləmişik. Ancaq ailə məsələlərinə görə Nihan voleybolu buraxdı və menecer kimi işləməyə başladı. Ataman “Qalatasaray”da məşqçi işlədiyi dönəmdə o da menecer idi. İndi isə “Beşiktaş”da bu işi davam etdirir. İttihamlara gəlincə, bəli, baş məşqçinin belə deməyi düzgün deyil. Amma bəzən bir oyunçu bu gün məşqdə özünü yaxşı tərəfdən göstərir, sabah isə onda heç nə alınmır. Buna görə baş məşqçi də oyunçusuna əsəbləşə bilər. Elə xarakterli insanlar da var ki, məşqçinin dediyi sözləri götürə bilmir. Mən 37-38 yaşıma qədər oynadım və həmişə də hocamın dediklərini elədim. Bir az əvvəl də dedim ki, Azərbaycan millisində lider yoxdu. Yaxşı, Atamanı başa düşmədilər, lakin onun köməkçiləri var. Onlar komandanı bir yerə toplamalıdı və heyət üçün bir lider oyunçu seçməlidi. Yığmanın heyətindəki oyunçuları fərdi şəkildə dəyərləndirsək, hamısı çox yaxşıdı. Hətta bu heyət qrupdan çıxıb daha irəli getmək gücündə idi. Məsələn, Polina Rəhimovanı götürək. Səhv etmirəmsə, zədədən qayıdaraq yığmaya qoşuldu. Əslində öhdəsinə düşən işi də çox yaxşı gördü. Ancaq Polinada liderlik xüsusiyyəti yoxdu. O, bunu bacara bilməz. Ulduz oyunçu ola bilər, lakin heç vaxt lider ola bilməz. Mən bu şeyləri hazırkı yığmada görmürəm. Siz qruplaşma dediz, bu proseslər hər yığmada var. Dünyada qüsursuz milli yoxdu. Hər kollektivdə problem var. O vaxt mənim də Alla Həsənova ilə aram yox idi, heç vaxt dost olmadıq. Hətta indi də aramız yoxdu. Çünki Alla neqativ adamdı. Bizim zamanımızda da onu bir çoxları sevmirdi. Amma Faiq abim bizim qızlar arasında olan problemləri oyun zamanı həll edirdi. Heç kim meydanda hiss etmirdi ki, Həsənova ilə münaqişəm var. Vecimə olmurdu ki, Alla haqqımda nə danışır.
Azərbaycan voleybolu bir zamanlar Avropada fıtına kimi əsirdi. Həm milli, həm də klub səviyyəsində çox yaxşı nəticələr qazanırdıq. Lakin sonra uğurların davamı gəlmədi. Klublararası dünya çempionu olan və Çempionlar Liqasının finalında çıxış edən “Rabitə” hazırda yoxdu. Səhv etmirəmsə, siz də bu klubda menecer kimi çalışmısız.
- O vaxt “Rabitə”nin prezidenti Cəlil Cəfərov mənə təklif göndərdi. Lakin pul məsələsində razılaşa bilmədik. Çünki dedim ki, mənə yaxşı pul versəz, gəlib işləyərəm. Daha sonra rəhbərlik mənə komanadaya oyunçu tapmaqda kömək etmək üçün müraciət etdi. Azərbaycan millisinin gələcəyi naminə gənc oyunçular axtarmağa başladım. Bilirsiz, niyə uğursuzluq oldu? Klub rəhbəri birdən-birə böyük nəticə qazanmaq istəyirdi və güclü oyunçular heyətə cəlb olundu. Ancaq bura ayrılan pul 10-15 il milli komanda və yeni gənc voleybolçular yetişdirmək yolunda xərclənsəydi, hazırda voleybolumuz yaxşı vəziyyətdə olardı. Deyəsən, həmin prezindent də işən ayrıldı və voleybolla əlaqələrini kəsdi. Türkiyədə “Əzcacıbaşı”, “Vakıfbank” illərlə inkişaf üçün çalışdılar. İndi baxın, hazırda necə güclü səviyyədədilər. Biz də belə etməliyik.
Bəs uğur qazanmaq üçün nələr etmək lazımdı?
- Güneyligil yığmaya gətirildi və üçaylıq müqavilə imzalandı. Lakin heç bir baş məşqçi üç ay ərzində nəticə verə bilməz. Bunun üçün ən azı 3 il vaxt lazımdı. Birdən-birə uğur qazanmağa köklənməməliyik. Düzdü, Azərbayacan voleybolunda dahi Faiq Qarayev var. Onun kimi ölkədə voleybolu güclü bilən ikinci şəxs yoxdu. Bəlkə də çoxları onun qocaldğını və əvvəlki kimi fayda verməyəcəyini düşünür. Düzdü, indi texnologiya dövrüdü, bir çox şeylər dəyişib. Ola bilər ki, Faiq bəyin bəzi yeniliklərdən başı çıxmasın, ancaq ona gənc köməkçiləri yardım edə bilər. Voleybolumuzun Faiq Qarayevdən öyrənəcəyi çox şey var.
Hazırda azərbaycanlı voleybolçulardan hansını özünüzə bənzədirsiz?
- Mənim yerimi heç kim doldura bilməz. Bunu hər kəsdən, hətta Faiq abidən də soruşa bilərsiz. Mən özümü çox sevirəm (gülür). İndikilərdən Ayşən Abduləzimova çox xoşuma gəlir. Meydanda emosional olur və qazanmaq üçün əlindən gələni edir.
Yəqin ki, Alla Həsənovanı da bu siyahıya əlavə edirsiz.
- Alla çox güclü oyunçu olub. Onda olan potensialı hazırda heç bir azərbaycanlı voleybolçuda görmürəm. Faiq Qarayev onu hansı mövqeyə qoysaydı, orda da yaxşı çıxış edirdi. Ancaq Alla rahat qadına oxşamırdı. Yenə də deyirəm, insan olaraq mənə uyğun deyildi. Çox neqativ idi. Mən elə şəxsləri bəyənmirəm və uzaq dururam.