Yığma komandamızın lideri: "Qrupdan çıxmaq üçün yaxşı şansımız var"
"Bu il millimizə yeni baş məşqçi təyin olunub. O da hazırlıqları fərqli sistemdə keçir, yeni taktikalara uyğun məşq edirik".
MediaSport.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət voleybol millimizin aparıcı üzvü Ayşən Abduləzimova deyib.
Yığmamızın lideri yeni məşqçilər korpusu, Avropa çempionatına hazırlıq və.s. məsələlərlə bağlı fikirlərini bölüşüb:
“Avropa çempionatına hazırlığımızın bir mərhələsini Bosniya və Herseqovinada keçdik. Oradakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama matçı oynadıq. Bu qarşılaşmalarda müxtəlif taktikalar üzərində çalışdıq. Düşünürəm bunlar qarşıdakı oyunlarda uğurlu nəticə göstərməyimizə kömək olacaq.
Artıq Azərbaycana qayıtmışıq. Bir neçə gün topla məşqlərə ara verdik, fiziki məşqlər etdik. Sabah isə yenidən tam qaydada hazırlıqlara start verəcəyik. Bakıda da bir neçə yoldaşlıq oyunu nəzərdə tutulur. Bütün bunlar bizə öz oyunumuzu tapmağa, tam formalaşmağa kömək olacaq.
İlk məqsədimiz qrupdan çıxmaq və bundan sonra mümkün qədər irəliləməkdir. Polina Rəhimova da bu il komandaya qoşuldu. Əlbəttə ki, bu da bizə əlavə güc verəcək.
Qrup rəqiblərimiz kifayət qədər güclüdür. Bununla belə, qrupdan çıxmaq üçün yaxşı şansımız var. Bunun üçün əlbəttə ki, daha yaxşı mübarizə aparmalıyıq. Əmin ola bilərsiniz ki, biz hər bir oyuna ciddi hazırlaşıb meydana qələbə üçün çıxacağıq.
Son illər müəyyən səbəblərdən istədiyimiz kimi nəticə göstərə bilmirik. İnanıram ki, Avropa çempionatında daha yaxşı çıxış edib, uğurlu nəticə qazanarıq, reytinq xallarımızı da yüksəldərik. Bu da voleybolumuzun inkişaf etməsinə və əvvəlki səviyyəsinə çatmasına bir töhfə olar.
Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, oyunları izləsinlər, bizi dəstəkləməkdə davam etsinlər. Çünki onların bizim yanımızda olduğunu bilmək bizə əlavə güc verir. Bizsə əlbəttə ki, Avropa çempionatında yaxşı oynayıb, qrupdan çıxmaq və daha da irəliləmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmamızın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq. Millimiz “Avro-2023”də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.
Qrup mərhələsinin üçüncü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı sonuncu matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.