"Azərbaycan yığmasını zəif rəqib hesab etmirik" – Ralf Ranqnik
Avstriya millisinin çalışdırıcısı Ralf Ranqnik Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, o, qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını söyləyib: "İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq".
Almaniyalı mütəxəssis Azərbaycan millisi haqda müsbət fikirlər səsləndirib: “Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu sabah saat 20:00-da start götürəcək.