Azərbaycanın olimpiya medalçısı da məşqçiliyə başlayıb
Bu yaxınlarda idmançı karyerasını başa vuran Azərbaycan cüdoçusu Rüstəm Orucov məşqçiliyin sirrlərini öyrənməyə başlayıb.
Mediasport.az xəbər verir ki, titullu idmançımız oktyabrın 9-dan Yaponiyanın nüfuzlu və elit cüdo klubu sayılan “Park-24”də təlim keçir.
Yaponiyanın əsas milli komandasının üzvləri də bu klubda məşq edirlər. Təlim proqramının əsas məqsədi təlim texnikalarının təkmilləşdirilməsinə, təlim proqramlarının formalaşdırılmasına və müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış məşq strategiyalarının hazırlanmasına yönəlib.
Rüstəm Orucov Yaponiyanın müxtəlif şəhərlərində yerləşən klubların, institutların və idman təşkilatlarının fəaliyyəti və məşqləri ilə tanış olub.
"Burada cüdoya özünəməxsus tərzdə yanaşılır. Strukturlar və tədris sistemləri fərqlidir. İndi yaponların niyə bu qədər güclü olduqlarını daha yaxşı başa düşürəm. Onlar ciddi rejimə riayət edirlər və intensiv fiziki hazırlıq keçirlər. Yaponlar Azərbaycan cüdosuna böyük maraq göstərirlər və buradakı idmançılar mənimlə məşq etməyə can atırlar. Azərbaycana qayıtdıqdan sonra burada olduğum müddətdə əldə etdiyim təcrübəmi bölüşəcəyəm”, - Rüstəm Orucov deyib.
Təlim noyabrın 7-nə qədər davam edəcək. Qeyd edək ki, idmançı karyerasını bu yaxınlarda bitirmiş Orxan Səfərov da məşqçiliyin sirrlərinə yiyələnmək məqsədilə analoji kursda iştirak edir.
Karyerasını 31 yaşında başa vuran Rüstəm Orucov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır. O, həmin ildə Avropa çempionu titulunu qazanıb. 2017-ci və 2019-cu illərdə dünya çempionatında ikinci olub, Avropa çempionatlarında 1 dəfə gümüş, 3 dəfə isə bürünc mükafata yiyələnib.
Orucov “Masters” turnirində 1 dəfə qızıl medal, 3 dəfə bürünc medal qazanıb. Müxtəlif illərdə "Böyük dəbilqə" və "Qran-pri" yarışlarında 26 medal əldə edib.