Azərbaycanlı xanım futbolçu dünya çempionatında gümüş medal qazandı
İsveçin Göteborq şəhərində keçirilən yeniyetmə qızlar arasında futbol üzrə “World Gothia Cup Youth 2023” dünya çempionatında İslandiyadakı Azərbaycan icmasının fəalı Aysu Mey uğurla çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "MediaSport"a bildirilib ki, “Azəri” İslandiya Azərbaycan Cəmiyyətinin sədri Zakir Həsənov Aysu Meyin çempionatda İslandiyanın “KA 1” futbol klubunun tərkibində kubok uğrunda mübarizə apardığını qeyd edib.
79 ölkə arasında 82 futbol klubunun qatıldığı çempionatda İslandiyanın yeniyetmə futbolçuları G14 kateqoriyası üzrə finala yüksəliblər.
Final matçında İslandiyanın “KA 1” klubu İsveçin “Hammarbü” futbol klubu ilə qarşılaşıb. Oyunun taleyini islandiyalıların qapısına təyin olunan penalti həll edib. Nəticədə soydaşımız "KA 1" komandası ilə mundialın gümüş medalını qazanıb.
Qeyd edək ki, “Gothia Cup” iştirakçılarının sayına görə ən böyük beynəlxalq futbol kuboku, yeniyetmələr arasında dünya çempionatı hesab edilir. 1975-ci ildən etibarən hər il İsveçdə keçirilən yarışda 11-19 yaşarası oğlan və qızlar iştirak edirlər. Bu turnirin futbol üzrə dünya çempionatından əsas fərqi milli komandaların olmamasıdır. Turnirdə yaşa görə bölünən müxtəlif ölkələrin klubları iştirak edir. Çempionat UNICEF tərəfindən dəstəklənir.