Azərbaycanın dəstək verdiyi türkmən komandası çempionu olub

Azərbaycanın dəstək verdiyi türkmən komandası çempionu olub

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) İraq türkmənləri və Azərbaycan arasında mədəni əlaqələrin güclənməsi, türkmən gənclərin ictimai və fərdi inkişafına dəstək verilməsi istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində İraqın türkmənlər yaşayan Tel-Afər şəhərində bir müddət əvvəl yeniyetmələrdən ibarət futbol komandası yaradılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanın və İraq türkmənlərinin ortaq dəyəri hesab olunan böyük şair və mütəfəkkir Füzulinin, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş eyniadlı şəhərin adını daşıyan “Füzuli” komandası Tel-Afər Gənclər Akademiyasının tərkibində İraq Gənclər Mərkəzi ilə bir yerdə təsis edilib.

“Füzuli” komandası bu mövsüm Tel-Afər şəhərinin də daxil olduğu Ninəva vilayəti üzrə yeniyetmələr arasında keçirilmiş yarışlara qatılıb, final mərhələsinə qədər yüksəlib. Martın 10-da final mərhələsində son rəqibinə penaltilər seriyasında qalib gələn komanda Ninəva vilayətinin çempionu adını qazanıb.

“Füzuli” komandası yaranan dövrdən etibarən futbolçuların geyim formaları, avadanlıq və digər ləvazimatlarla təmin olunmasına Azərbaycan tərəfindən dəstək göstərilib.