Bakıda ilk dəfə keçiriləcək Dünya Kubokunun püşkü atıldı
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.
MediaSport.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışda Serbiyada baş tutmuş son dünya çempionatında ilk “5-lik”də yer alan milli komandalarla yanaşı, dünya yığması (all star) da mübarizə aparacaq.
Dünən kubokun püşkatması keçirilib və 6 iştirakçı 2 qrupa bölünüb. Millimiz "B" qrupunda Serbiya və dünya yığması ilə yarışacaq. "A" qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.
Reqlamentə əsasən, noyabrın 5-də qrup mərhələsinin görüşləri baş tutacaq. Qruplarda 1-ci yeri tutan komandalar finala yüksələcək. İkinci pillədə qərarlaşan komandalar isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanacaq. Həlledici qarşılaşmalar noyabrın 6-da keçiriləcək.