"Olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyimə inanıram"
Axır ki, uşaqlıq arzuma nail oldum. Karyeram ərzində məşqçilərim məni Olimpiya Oyunlarına psixoloji olaraq hazırlayırdı.
Mediasport.az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.
Azərbaycan batut gimnastikası tarixində Olimpiya Oyunlarına ilk lisenziyanı qazanmış idmançımız məqsədinə çatmaq üçün uzun zaman çalışıdığını bildirib:
"Batut ölkəmizdə çox da populyar olmayan növdür, hələ inkişaf yolundadır. Amma mən bu növ üzrə lisenziya qazanmağı bacardım. Lisenziya qazandığım gün məni ilk olaraq məşqçim təbrik etdi. Həmin an telefonuma çoxlu zənglər, mesajlar gəlirdi. Ailə üzvlərim, dostlarım, həmkarlarım zəng edib məni təbrik edirdilər. Ölkəmizi layiqincə təmsil edəcəyimə inanıram. Azərbaycanın batut tarixində ilk lisenziyanı əldə etməyim də məni xüsusilə motivasiya edir".
İdmançının sözlərinə görə, qrup hərəkətləri üzrə Azərbaycan komandası da “Paris-2024”ə lisenziyanı təmin edə bilər: "Hazırda qrup hərəkətləri komandamızın da lisenziya qazanmaq şansı var. Qarşıda onları müxtəlif beynəlxalq turnirlər gözləyir. Həmin yarışlarda qüvvələrini sınayaraq reytinq xallarını artıra bilərlər. Ümid edirəm ki, bunu bacaracaqlar".
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.