"Rəqibin itirəcəyi bir şeyi qalmadı, ona görə riskə gedə bilərlər"

"Rəqibin itirəcəyi bir şeyi qalmadı, ona görə riskə gedə bilərlər"

"Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq".

Mediasport.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la (Cəbəllütariq) ilk matçından sonra keçirilən mətbuat konfransında deyib.

O, komandasının 2:0 hesablı qələbəsini şərh edib:

“Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Belə örtukdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.

Xatırladaq ki, cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.