"Legionerlərə başa salmışıq ki, Şuşa bizimdir, orada nə qədər şəhid vermişik, əziz addır, amma..."
"Voleybol Federasiyası bir aylıq maaşları köçürsə də, komandanın dağılma təhlükəsi gündəmdədir. Səfər oyununa getməli olduğumuz bilet alınıb. Daha öncə də belə məsələlər olub, özümüz gündəmə gətirmədik ki, bəlkə düzələr. Axıra kimi dözdük, gördük müsbət heç nə yoxdur".
Bu sözləri Mediasport.az saytına açıqlamasında dağılmaq təhlükəsi yaşayan kişilərdən ibarət “Xarı Bülbül Şuşa” voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov deyib.
Çelenc Kubokunun 1/16 final mərhələsinin "Panatinaikos" klubu ilə cavab oyununa hazırlaşan təmsilçimiz ötən həftə Bakıda baş tutan ilk dueldə qeydə alınan 0:3 hesablı məğlubiyyəti yaxşı məşq keçə bilməmələri ilə əlaqələndirib:
"Rəqibləri analiz etmişdik. Amma oyunlardan öncə normal məşq keçirməmişdik, Komandamızın çox hissəsi legionerlərdən ibarətdir. Yenə sağ olsun oyunçular ki, 3 ay maaş almamaqlarına baxmayaraq, çıxıb mübarizə apardılar. Hər gün motivasiya verməklə deyil, azərbaycanlı deyil deyə, tam başa sala bilmirsən. Hə, başa salmışıq ki, Şuşa bizimdir, orada nə qədər şəhid vermişik, döyüş mübarizəsi olub, əziz addır və.s.. Amma təəssüflər olsun ki, bu o qədər də effekt vermir. Federasiya Yunanıstan təmsilçisi ilə cavab görüşü üçün səfərimizin xərclərini qarşıladı. Sağ olsunlar, sponsor tapmağa çox kömək olurlar. Amma belə çox çətindir, görək axırı necə olacaq".
Qeyd edək ki, mövsümün əvvəlində yaradılan "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandalarının rəsmiləri, voleybolçular sosial şəbəkələrdə statuslar paylaşaraq mövsümün əvvəlində maddi təminatı üzərinə götürən sponsorların öhdəliklərdən boyun qaçırmaları səbəbindən hər iki klubun çıxılmaz vəziyyətdə qalması və dağılma təhlükəsi yaşamasını bildiriblər.
Öz növbəsində məsələyə münasibət bildirən Azərbaycan Voleybol Federasiyası bəyanat yayaraq qeyd edib ki, bu klubların problemlərinin quruma aidiyyəti olmasa da, AVF bacardığı köməkliyi göstərmək üçün çalışır.