Qurban Qurbanov: "Ola bilər, futbolçularda arxayınlıq var idi"
Premyer Liqanın 15-ci turunda "Zirə" ilə bərabərə qalan "Qarabağ"ın cari mövsüm ardıcıl ikinci heç-heçəsi qeydə alınıb.
mediasport.az xəbər verir ki, oyun barədə danışan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçularının çıxışından razı qalmadığını deyib.
- Birbaşa deyə bilərəm ki, zəif oynadıq. Bunun da səbəbi var idi. İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane oldu. İstər-istəməz matçlardan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda xallarımızın üzərinə növbətisi gəldi. Futbolçularımı da başa düşürəm. Fasilədən sonra yığışmaq o qədər asan deyil. Uzun marafon keçmişdilər. Çox yorulmuşdular, istirahətə ehtiyacları var idi. Görünür ki, lap yaxşı istirahət ediblər. Oyun və heyət baxımından çatışmazlıqlar var idi. Qarşıdakı görüşə hazırlaşacağıq. Normal hazırlaşmağa heç vaxtımız da yoxdur. Üç gün vaxtımız olacaq. Rəşad Sadıqova və öz komandama uğurlar arzulayıram.
Ola bilər ki, ötən oyunda "Zirə" üzərindəki yeddi qolluq qələbənin arxayınlığı futbolçularda qalmışdı?
- Ola bilər. Amma çalışırıq ki, aradan qaldıraq. Bəlkə də futbolçularda mənim hiss etmədiyim arxayınlıq var idi. Bunun üzərində çalışmışdıq. "Zirə" nin sonrakı matçlarına baxmışdıq. Elə oyunları olmuşdu ki, məğlubiyyətə layiq deyildilər, qalib gəlməliydilər. Futbolçularıma daim bu haqda bildirirdim. Amma hər bir halda, ola bilər, futbolçularda arxayınlıq var idi.
Necə düşünürsüz, ağır qrafikdən sonra futbolçularınız istirahət barədə fikirləşir? Yorğunluq onu göstərirdi?
- Bu gün hiss etdiyim o idi ki, sanki belə düşünürdülər. Gözləyirlər, dekabr ayı nə vaxt gələcək ki, istirahət olsun. Amma bu, zarafatdır. Hər bir halda futbolçular peşəkardırlar. Belə hallar ilk dəfə deyil. Yadınızdadırsa, müsahibələrimdə həmişə demişəm, komanda eyni səviyyədə ilboyu oynaya bilməz. Deyirdim ki, xal itkisi də olacaq, məğlubiyyət də. Qarşıda hələ çox oyun var. Bəzən belə matçların həm mənim, həm də komandam üçün faydası olur. Ola bilər ki, futbolçular istirahət barədə düşünürlər.
Maksim Medvedev uzun fasilədən sonra yenidən cinah müdafiəçisi kimi oynadı. Sizcə, yükü daşıya bilir?
- Zədədən sonra Maksim az oyun keçirmişdi. Hazırlığı yaxşı səviyyədə deyildi. Amma bu gün öz təcrübəsindən istifadə etdi. Orada oynadacağım oyunçum yox idi. Marko Veşoviç millinin düşərgəsində zədələnib. Abbas Hüseynov oyuna iki gün qalmış zədələndi. Ona görə orada Maksim oynayırdı. O, yaxşı təsir bağışladı, razı qaldım.
"Neftçi" ilə matçda Marko Veşoviçi heyətdə görəcəyik?
- Xeyr, Veşoviç minimum 15 gün komandadan ayrı qalacaq.
Sizcə, "Neftçi" güclənib?
- "Neftçi" həmişə güclüdür. "Qarabağ"la "Neftçi"nin oyunu tam fərqli məcrada keçir. "Neftçi" həmişə çempionatımızın liderlərindən biri olub.