"Rəqibin də əksik heyətlə Şəkiyə gəlməsinin bu məsələdə rolu oldu"
"Şəki"nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 3-cü turunun "Sumqayıt"la görüşündən sonra (101:61) klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, türkiyəli çalışdırıcı öncədən qələbə qazanacaqlarına inandığını bildirib:
"Oyunçularımı təbrik edirəm. Çox istəkli idilər. Qələbə qazanacağımıza çox inanırdıq. İlk 2 oyunda müdafiədə səhvlərimiz vardı. Bir az onu düzəltdik. Rəqibin də əksik heyətlə Şəkiyə gəlməsinin bu məsələdə rolu oldu. Ancaq biz bu gün həqiqətən əla oynadıq".
Meriç qarşılaşmada seçilən basketbolçulardan da bəhs edib:
"Rəqib Şəkiyə tam heyətlə gəlsəydi belə, qələbə qazanan tərəf biz olacaqdıq. Çünki oyunçular çox istəkli idi. Bu gün 5 oyunçumuz 10 xal və çox atışlar etdi. Bu da komandanın hamısının bu qələbədə payının olduğunu göstərir. Ərcan Donat 8 xal qazandı. Belə davam etsək, xüsusilə, Şəkidəki oyunlarda favorit olacağıq".
Mütəxəssis yeni transfer Tariel Yusifzadə haqqında da danışıb:
"O, dünən komandaya qoşuldu. Açığı, bu gün onu oynada bilərdik. Ancaq komanda yoldaşlarını tanımaq üçün vaxta ehtiyacı var. Qarşıdakı fasilədən yararlanıb bu adaptasiyanı da keçirəcək".