Beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib

Beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib

Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun təşkilatçılığı ilə bədii gimnastika üzrə ikinci beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, əvvəlcə yarışda iştirak edəcək komandaların təqdimatı olub.

Açılış mərasimində çıxış edən “Ocaq Sport” klubunun direktoru vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova bu il klubun yaradılmasının on illiyinin qeyd olunduğunu vurğulayıb. Bildirib ki, bu illər ərzində klubun məşqçiləri və idmançıları təkcə yerli səviyyədə deyil, həm də ölkə və beynəlxalq arenalarda mühüm uğurlar qazanıblar. Bu nailiyyətlər əzmkarlığın, nizam-intizamın və komanda işinin nəticəsidir.

Yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası qüvvəsini sınayacaq. Yarışda 2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.