"Bizdən birdən-birə 10 oyunçu dəyişməyi gözləməyin" - REGEKAMPF
"Ümid edirəm ki, qış fasiləsi bizə təsir etməz.Üçüncü yerlə qane ola bilmərəm. Məqsədimiz ilk pillələrdə olmaqdır".
mediasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 18-ci turunun "Şamaxı" üzərində qələbəsindən (3:0) sonra "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf deyib.
Rumıniyalı çalışdırıcı bildirib ki, "Zirə"yə qarşı kubok oyunundan sonra komandada yorğunluğun olması normaldır: "Yaxşı oyun oldu, 3 xal qazandıq. Bu görüş bizim üçün çox vacib idi. Qələbəyə görə çox sevinirəm. Uşaqlar mübarizə apardılar və qələbə qazandıq. Bu cür matçdan sonra 10 günlük istirahət lazımdır ki, hamı ailəsi ilə vaxt keçirsin. Daha yaxşı qayıtmalıyıq. İnanıram ki, toplanışdan sonra daha güclü "Neftçi" olacaq. Açar oyunçularımız zədəlidir. Onların dönüşü və yeni gələnlərlə daha yaxşı olacağıq".
Rumıniyalı yanvarda az sayda oyunçu transfer edəcəklərini deyib: "Hansı mövqedə güclənməliyiksə, ora oyunçu gətirəcəyik. 3-4 nəfərdən çox futbolçu dəyişmək olmur. Hər yeni gələnin davamlılığa ehtiyacı var. Komandanın gücünə güc qatmağa çalışmalıyıq. Oyunçu sayını artırmaq üçün transfer etməyəcəyik. Rəhbərliklə transfer məsələlərini analiz edirik. Həmçinin, maliyyə baxımdan Müşahidə Şurası ilə danışırıq. Bizdən birdən-birə 10 oyunçu dəyişməyi gözləməyin".
47 yaşlı çalışdırıcı ümidləri doğrultmayan hücumçu Qodsvey Donyonun çıxışı haqda bu fikirləri səsləndirib: "Donyo yeni oyunçudur, komandaya yayda qoşulub. Onun keyfiyyətinə bələdik. Uyğunlaşması üçün zamana ehtiyacı var. Bizimlə müqaviləsi davam edir. Donyo yaxşı futbolçudur".