Bojoviç həm "Neftçi"nin, həm də Premyer Liqanın tarixinə düşüb
"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"la qarşılaşıb (0:0).
Mediasport.az xəbər verir ki, həmin qarşılaşmada "ağ-qaralar"ın çalışdırıcısı kimi debüt edən baş məşqçi Miodraq Bojoviç Azərbaycan çempionatları tarixinə 62-ci legioner baş məşqçi kimi düşüb.
Onadək 61 mütəxəssis ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.
Bojoviç Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssis olub. "Bakı"nın çalışdırıcısı olmuş Bojidar Bandoviç 2012/13 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.
Miodraq "Neftçi"nin tarixində 7-ci əcnəbi mütəxəssisdir. Ona qədər ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu "ağ-qaralar"a rəhbərlik edib.