Millimiz “Heydər Əliyev Kuboku-2024"ü 27 medalla başa vurub
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 5 ölkənin 116 idmançısı qüvvəsini sınayıb.
6 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Azərbaycan millisi turniri 27 medalla başa vurub.
Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Nihad Qasımov, Zakir Həsənzadə, Əli Baxışov, Şahin Aslanov, Adil Zalov və Səftər Məmmədzadə çempion tituluna yiyələniblər.
Yalnız finalda uduzan Ayxan Həsənov, Nihad Qasımov, Bağır Əmirxanlı, Sübhan Babayev, Vüsal Hilalov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, Əli Məmişov və Məhəmməd Cəfərov ikinci yerlə kifayətləniblər.
Digər boksçularımızdan Rüstəm Şahbazov, Əli Məmmədov, İsmayıl Rzayev, Raul Heydərli, Tamerlan Əlimzanov, Turqay Rəhimli, Raul Əsədullayev, Musa İbadov, Elgün Əhmədli, İsmayıl Valiyev və İlkin Şahmməmədov bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 6 qızıl, 10 gümüş və 11 bürünc medalla bitirib.
Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Gürcüstan (3-2-4) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (2-1-6) qapayıb.
Birincilikdə ən yaxşı boksçu adına Əli Baxışov (Azərbaycan), ən əzmkar boksçu adına Yerdavlet Atayov (Qazaxıstan) layiq görülüb. Danara Ahmetova (Qazaxıstan) isə ən yaxşı hakim seçilib.