"Bir legionerlə danışıq aparırıq, alınsa, onu transfer edəcəyik"
Futzal üzrə Yüksək Liqada mübarizə aparan "Neftçi" İK-nın baş məşqçisi İlkin Hacıyev komandanın ilk dövrədə çıxışı barədə danışıb.
Mediasport.az xəbər verir ki, mütəxəssis federasiyanın mətbuat xidmətinə açıqlamasında qış hazırlıq planından da söz açıb:
“Əvvəlcə “Neftçi” İK ailəsi olaraq futzal ictimaiyyətini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, hər kəsə sağlam can, işlərində uğurlar arzulayırıq. Planımız hazırdır. Yanvarın 4-5-də məşqlərimizi bərpa edəcəyik. Olimpik Starda hazırlaşacağıq. Təbii ki, əvvəlcə fiziki, daha sonra taktiki planda məşqlər keçəcəyik".
Hacıyev yoldaşlıq oyunlarının hələ dəqiqləşdirilmədiyini qeyd edib:
"Hazırda bununla bağlı konkret söz deyə bilməyəcəm. Ancaq digər komandalar da yığışdıqdan sonra danışacağıq, çalışacağıq oyunlar da keçirək. Əlbəttə, məqsədimiz ilk yarıdakı kimi inamlı və uğurlu çıxışımızın davamını gətirməkdir".
Gənc məşqçi yeni oyunçuların transferi məsələsinə də toxunub:
"Heyətimizi qorumuşuq. Gücləndirməyə çalışacağıq. Hazırda bir futzalçı ilə danışıq aparırıq. Legionerdir, söhbətimiz alınsa, onunla anlaşacağıq”.
Qeyd edək ki, "Neftçi" İK 10 turdan sonra 23 xalla ikinci pillədə qərarlaşıb.