Naxçıvanın 100 illiyinə həsr olunmuş futzal turniri başa çatıb
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, III yer uğrunda mübarizədə Lənkəran Dövlət Universitetinin komandası Bakı Neft və Energetika Kollecinin komandasına qalib gəlib.
Naxçıvan Dövlət Universitetinin komandası Mingəçevir Dövlət Universitetinin komandasını məğlub edərək turnirin qalibi olub.
Oyunlardan sonra Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal yarışlarının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin, Naxçıvan Dövlət Universitetinin rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.
Bağlanış mərasimində çıxış edənlər Naxçıvan Muxtar Respublikasının yaranma tarixindən danışıb, turnirin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Çıxışlardan sonra turnirdə fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, qalib komandalara medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən turnirdə 19 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib.
Turnirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala olan marağının artırılması, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.